
Kəmalə Ağazadə hakim qarşısına çıxarıldı
Xanım QHT sədri dələduzluq və rüşvətlə bağlı ittiham verilib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyanın icraatındadır. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Kəmalə Ağazadə ittiham aktını almadığını bildirib. Ona ittiham aktı təqdim edilib. Məlum olub ki, Kəmalə Ağazadə barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilsə də o, ölkəni tərk edib. K.Ağazadə beynəlxalq tədbirdə iştirak etmək üçün xaricə getdiyini söyləyib. Növbəti iclas mayın 7-ə təyin edilib.
K.Ağazadəyə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
İttihama görə, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.
İttihamda qeyd edilir ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmməlləşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib.
2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. Həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyəti üzrə vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.
K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib.
O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.



