
Möhü dayının “qoyun payı”
Tanınmış yazıçı-jurnalist Kəramət Böyükçöl bu gün facebook statusunda maraqlı bir yazı paylaşıb. Xural.com yazını təqdim edir.
Kənddə bir qohumum yaşayır. Adı Mövsümdür. Ancaq hamı ona Möhü deyir. Yeddi-səkkiz ferması var, mal-qarasının, qoyun sürüsünün ucu-qulağı dönmür. Rayonun yarısından çoxu onun heyvanlarının otlaq sahəsidir. Gözünün ağı-qarası bir oğlu var. Universitetdə oxuyur, ancaq iki eşşəyin arpasını bölə bilmir. Universitet tələbəsi pulu qoyunla hesablayır. Məsələn, deyirsən ki, filan şeyin qiyməti on min manatdır. Qayıdır ki, on min nə qədər qoyun eləyir? Elə universitetə də həmin qoyunların hesabına girdi. Özü də iqtisadiyyat fakültəsində oxudu.
Möhü dayı həmişə ədəbiyyat, jurnalistika ümumiyyətlə, humanitar fənlərə lağ edir. Deyir, kişi nədir, müəllim nədir? Möhünün qəribə xüsusiyyətləri var, adamla kobud danışar, xətrinə dəyər, ürəyini qırar, axırda da sürüsünün içindən canlı bir qoçun ayağından tutub sənə bağışlayar, bununla da hər şeyi unudarsan gedər.
Düzü, mənə də hərdən kömək edir, kəndə gedəndə qoyun kəsir, birini də maşınıma qoyur ki, apar, şəhərdə kabab çəkərsən. Bəlkə də elə bu şeylərə görə Möhü dayı mənə zəng eləyəndə həmişə ürəklə, ərklə danışır.
– Ay bala, nətərsən?
– Çox sağ ol, Möhü dayı. Sən necəsən?
– Necə olacam? Qanım qaradır.
– Yenə nə məsələdir? Sürüyə canavar girib?
– Bizim gədə imtahandan kəsilib, onun işini aşıra bilərsənmi?
– Ay Möhü dayı, mən kiməm iş aşıram? İmtahandan kəsilmək çox ciddi məsələdir.
– Bala, sən hansı ölkədə yaşayırsan, bilirsənmi?
– Möhü dayı, vallah, təzə rektor gəlib, sistem dəyişib.
– Axı səndən söz soruşdum, de görüm, hansı ölkədə yaşayırsan?
– Azərbaycanda!
– Onda öyrən gör o işə kim baxır, danış, nə qədər qoyun lazımdırsa, verim.
– Necə öyrənim? Kimə nə deyim? Utanıram.
– Orda nə var ki? Heç kimdən minnət-zad götürmürsən. Qoyunu verib iş görürsən. Özüm şəhərə gəlmək istəmirəm, yol uzaqdır, belim ağrıyır, otura bilmirəm. Sənin özünə də qoyun payın ayrı olacaq.
– Allah haqqı, mən belə şeylərdən qorxuram!
Möhü dayı bir az gülüb təzədən soruşdu:
– Nədən qorxursan?
– Dedim axı, təzə rektor gəlib, əvvəlki vaxt deyil. Rektor iclas keçirdi, dekanlara, prorektorlara tapşırdı ki, kim tələbədən rüşvət alsa, işdən qovulacaq. Adım kimi əminəm, daha belə şeylər mümkün deyil.
– Bala, sən yaşadığın ölkənin adını bir də çək!
– Azərbaycan!
Məlum oldu ki, Möhü dayı ən çox ona görə əl-ayağa düşüb ki, uşağın imtahan məsələsi həll olunmasa, əsgərlik müddəti bir il yox, bir il altı ay olacaq.
– Uşağa rayonda iş yeri danışmışam, haqqını da vermişəm, diplomu alıb təhvil verməlidir.
– Möhü dayı, atamın canı haqqı, tələbə imtahandan kəsilirsə, təzədən bərpa eləmək mümkün deyil. Əsgərliyə gedir, xidmətdən qayıdandan sonra təzədən imtahan verir. Yol ancaq budur.
– Ay bala, atanın canına and içmə. Kişi yazıqdır, ölüb-eləyər, məni qana salma!
Möhü dayı rayonumuzda çox məşhur kişidir, hamı onları imkanlı nəsil kimi tanıyır. Bir də görürsən Möhü dayı hansısa kəndə asfalt yol çəkdirdi, kefi yaxşı olanda beş-altı dananı kəsib qonum-qonşuya payladı. Camaat belə şeylərə görə onu çox sevir. Ağsaqqal kişidir, fit çalmaqdan dəhşət xoşu gəlir. Oğlu da eynilə özünə oxşayır, xasiyyətcə də, görkəmcə də!
Möhü dayının savadı olmasa da əli hər yerə girir. Necə elədi, nə cür elədi, bir yol tapıb oğlunun imtahanların hamısını qoyunlarının hesabına həll elədi. Universiteti bitirəndən sonra qoyunlar oğlunu işə də düzəltdi. İndi yaxşı yerdə vəzifəsi var. Altında maşını, ev-eşiyi, şəhərdə dörd-beş villası, bağı…
Yaxınlarda rayona getmişdim. Möhü dayı ilə qarşılaşdıq. Hal-əhvaldan sonra məni ələ salmağa başladı:
– Səni fərli-başlı adam bilirdim, o vaxt bizim uşağın işini deyəndə qorxundan şalvarını batırdın.
Möhü dayıya xoş getsin deyə yanındakıların hamısı bu sözə şaqqanaq çəkib güldü. Pərt oldum, necə həyəcanlandımsa özüm də gülməyə başladım. Guya aramızda belə zarafatlar həmişə olur. Sonra özümü sındırmamaq üçün gülümsəyə-gülümsəyə dedim:
– Vallah, rektor deyişib, əvvəlki kimi deyil.
Möhü dayı cibindən bir siqaret çıxarıb damağına qoydu, gözünün birini qıyıb başını da bir az mənə tərəf əydi:
– Bala, sən yaşadığın ölkənin adını bir də çək!
Xural.com



