VÜQAR TOFİQOĞLUNUN MÜDAFİƏ KOMİTƏSİ YARADILDI

Qazilər onun ev dustaqlığına buraxılması üçün Prezidentə müraciət etdilər

Bu yaxınlarda həbs olunan “Hürriyyət” Media Qrupunun rəhbəri Vüqar Tofiqoğlunun hüquqlarını müdafiə komitəsi yaradılıb. Bu haqda Xural.org-a komitənin baş katibi, 1-ci dərəcəli Qarabağ əlili (qazi), müstəqil jurnalist Məğrur Bədəlsoy məlumat verib. Məğrur Bədəlsoy Qazilərin komitə adından Prezident, Ali Baş Komandan İlham Əliyevə, 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova və Baş prokuror Kamran Əliyevə etdikləri müraciəti də redaksiyamıza göndərib.

Xural.org Vüqar Tofiqoğlunun hüquqlarını müdafiə komitəsinin müraciətini təqdim edir:

“Hörmətli Prezident və 1-ci vitse-prezident!

Sizin Qarabağ qazilərinə, əlil, şəhid ailələrinə böyük diqqət və qayğınıza, humanistliyinizə, mərhəmətinizə bel bağlayıb hazırda DTX-nın istintaq təcridxanasında saxlanılan savaş dostumuz Qarabağ qazisi, jurnalist, “Hürriyyət” media qrupunun rəhbəri Vüqar Tofiq oğlu Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan tədbirlə əvəzlənməsini xahiş edirik.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının başlıca məqsədi cəza siyasətinin humanistləşdirilməsi, həbslə bağlı olmayan alternativ qətimkan tədbirlərinin seçilməsinin təmin edilməsidir. Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan növlərinin seçilməsi mümkünlüyünün araşdırılması Sərəncamın 12.1 bəndi ilə Baş prokurorluğa tövsiyə edilib. Məhkəmələrə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyrimümkün olduğuna dair dəlilləri yoxlasınlar.

Müdafiəsində olduğumuz Vüqar Tofiq oğlu Məmmədovun dövlətimizin ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsində xidmətləri ona qarşı ədalətli, humanist yanaşmanı zəruri edir. Vüqar bəyin nə istintaqdan yayınmaq, nə ölkədən qaçmaq fikri var,  kiməsə təzyiq etməsi isə mümkünsüzdür. Eyni zamanda ağır sağlamlıq durumu həbsxana şəraitində ən ağır nəticəyə səbəb ola bilər.

Sizdən Vüqar Tofiqoğlunun Qarabağ qazisi, jurnalist olmasını, ağır sağlamlıq durumunu nəzərə alıb, həbs qətimkan tədbirinin dəyişdirilməsini təmin etməyinizi xahiş edirik.”

 

Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button