GÜLƏR ƏHMƏDOVANIN YAP-dan İKİ AY SONRA QOVULMASI SƏBƏBSİZ DEYİLMİŞ

17.12.2012

ABU-nun sabiq rektoru Elşad Abdullayevlə məlum video qalmaqalına görə deputat mandatı alınmış Gülər Əhmədovanın ilk video yayılanda yox, iki ay yarımdan sonra YAP-dan çıxarılması ortaya xeyli sual çıxarıb. Hakimiyyət G.Əhmədovanı YAP-dan niyə vaxtında yox, indi qovmaq qərarı verdi? Bunu hansı hadisə zərurətə çevirdi? Proses Əhmədovanın həbsi ilə də nəticələnəcəkmi?

İctimai Palata Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli deyir ki, E.Abdullayevin ilk videosundan iki aydan da çox keçsə də G.Əhmədovanın YAP-dan çıxarılmaması qəti siyasi qərarın olmaması ilə bağlıdır: “İqtidar texnoloqları hesablayırdı ki, Əhmədovanın parlamentdən istefası və deputat mandatının ləğvi prosesləri nisbətən yumşalda və problemin aradan qalxmasına səbəb ola bilər. Həmçinin vaxt udmaq mümkün olar. Əhmədovanın YAP-dan çıxarılmasına və həbsinə onun hədə mesajları, ”ağzımı açdırmasınlar” xəbərdarlığı da mane olmuşdu. Sonra məlum oldu ki, Elşad Abdullayev əlindəki bütün videoları tam açmayıb, o hər an yeni videolar yaya bilər. Ona görə də indi belə qərara gəliblər ki, taktikanı dəyişmək vacibdir”.
İ.İbrahimlinin sözlərinə görə, yeni taktika G.Əhmədovanı YAP-dan çıxarmaq və çox güman ki, həbs edib ondan dələduzluq etdiyini, yuxarılardan heç kimin bu prosesdə iştirak etmədiyini təsdiqləyən ifadələr almağı nəzərdə tutur: “Böyük ehtimalla Əhmədovanın bu cür ifadəsi alınacaq və TV-də göstəriləcək. Bununla da hakimiyyət bu biabırçılıqda, seçki cinayətində rəsmi şəxslərdən heç kimin iştirakçı olmadığını sübuta yetirməyə çalışacaq. Məsələni lokallaşdırıb Gülər Əhmədova və Sevinc Babayevanın iri məmurun adından yalandan istifadə etməklə Elşad Abdullayevi aldadıb pulunu mənimsəməsi kimi rəsmiləşdirəcəklər. Bu planın həyata keçməsi üçün isə Əhmədova ilə Babayeva həbs edilməli və onlardan məlum ifadələr alınmalıdır. Əhmədovanın YAP-dan çıxarılması barədə ən yüksək səviyyədə qərarın verilməsi bu planın startıdır. Hakimiyyət videoların vurduğu ləkəni nəyin bahasına olur-olsun təmizləməyə qərar verib. Elə edilməlidir ki, bu ləkə hakimiyyətin üstündə qalmasın. Bunun üçünsə Əhmədova ilə Babayeva qurban verilməlidir”.
İbrahim İbrahimliİ.İbrahimlinin dediyinə görə, son videolardakı açıqlamalardan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı maksimum istifadə olunmağa çalışır: “İllərdir hakimiyyətin dayağına çevrilmiş Mehdiyevi və onun qrupunu sıradan çıxarmaq üçün bu fürsəti əldən vermək istəmirlər. Təsadüfi deyil ki, Mehdiyev iki dəfə açıqlama verib, deyib Elşad Abdullayevdən ona qarşı təxribat aləti kimi istifadə olunur. Bu, elə-belə bəyanat deyildi. Son video isə vəziyyəti bir az da gərginləşdirib. Ramiz Mehdiyevin rəqibləri daha aktiv hərəkətə keçiblər. Amma onların istəklərinə nail olması ehtimalı çox azdır. Böyük ehtimalla, onların istədiyi yox, dediyim plana uyğun vəziyyət gerçəkləşdiriləcək”.
İP KŞ üzvü vurğuladı ki, yaxın dövrlərdə G.Əhmədova qalmaqalı ilə bağlı yeni hadisələr qaçılmaz olacaq.

http://www.musavat.com/new/Siyas%C9%99t/139559-G%C3%9CL%C6%8FR_%C6%8FHM%C6%8FDOVANIN_YAP-dan_%C4%B0K%C4%B0_AY_SONRA_QOVULMASI_S%C6%8FB%C6%8FBS%C4%B0Z_DEY%C4%B0LM%C4%B0%C5%9E

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button