Əvəz Zeynallı məhkəmədə ona şər atanları lənətlədi – Videoreportaj

Bu videoçarx hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qanunsuz və əsassız həbsinə etiraz əlaməti olaraq sosial şəbəkələrdə yayılıb.
Əvəz Zeynallı ölkə mətbuatının ən sərt tənqidçi yazarlarında hesab olunur. Onun baş redaktoru olduğu “Xural” qəzeti ciddi tənqidi yazılarla yadda qalıb. Hakimiyyət qəzetin nəşrinin dayandırılması üçün müxtəlif yollara əl atıb. Buna nail olmadığını görəndə Əvəz Zeynallını şərləyərək, həbs etdirib. Onu “Xural” qəzetini məhkəməyə verərək, bütün əmlakını müsadirə etdirən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı, artıq sabiq deputat Gülər Əhmədovanın şər və böhtan ərizəsilə azadlıqdan məhrum ediblər. Baş redaktorun hədə qorxu ilə Gülər Əhmədovadan rüşvət tələb etməsi iddiası məhkəmənin gedişində də özünü doğrultmayıb.
Bununla belə, son iki ayda Gülər Əhmədova və onun birbaşa tabe olduğu Ramiz Mehdiyevin adı internet saytlarında ən rekord göstəricilər siyahısına daxil olub. Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərdən birinin rektoru, ondan deputat təyin olunması üçün artıq ödədiyi 500 min dollardan əlavə, Gülər Əhmədovanın hədə-qorxu yolu ilə daha 500 min dollar tələb etməsini təsdiqləyən videoçarxı internet saytlarında yayıb. “Mandat alveri”ndə dəfələrlə Gülər Əhmədovanın rektordan alacağı pulların Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatacağı fikirləri səslənir. Artıq bu çarx Əvəz Zeynallının həbs olunmasının Ramiz Mehdiyevin göstərişi və Gülər Əhmədovanın bu sifarişi həyata keçirməsi əsasında baş tutduğu haqda dedikləri öz təsdiqini tapır.
Hətta bu görüntülərdən sonra da məhkəmə saxta ittihamlarla həbs olunmuş Əvəz Zeynallını azadlığa buraxmaq niyyətində deyil. Dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmənin gələcəkdə ədalətsiz qərar verməsi və baş redaktorun həbsini təmin etməsi üçün dəfələrlə əsassız çıxışlar edərək onu əsassız olaraq rüşvət almaqda ittiham edir. Ə.Zeynallı isə, “sizin diliniz qısa olmalıdır. Çünki əsl korrupsioner, rüşvətxor olan Gülər Əhmədovanı bu günədək həbs etmədiniz, məni isə heç bir cinayət törətmədiyim halda 14 aydır ki, həbsdə saxlayırsınız…” deyir:
Hazırda məhkəmə davam edir. Ankara Dölət Universitetinin hüquq fakultəsinin məzunu olan Əvəz Zeynallı məhkəmədə bütün hüquqi yollardan istifadə edərək, bəraət qazanmağa çalışır. O bu gün də həbsini azad sözə və Azərbaycanın müstəqil mətbuatına təcavüz kimi qiymətləndirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button