
Xarabalıqda göyərən Selcan və Banu çiçəklərə
Anar Mahmudoğlu
Dəmir barmaqlıqlara pərçimlənib, atasının boynuna sarılmaq üçün qollarını, həsrət qaldığı cizgilərini görmək üçün gözlərini, qəribsədiyi üzünü öpmək üçün dodaqlarını “həbs etdirən” Banunun – Əvəz Zeynallının şirin-şəkər balasının sosial şəbəkələrdəki şəkillərini gördünüzmü?

Son illərdə bu qədər sarsıldığım və izah edə bilməyəcəyim səviyyədə yükləndiyim olmamışdı. Ürək belə mənzərələrə dözməz, bir ömür unudulmayacaq bu cür şəkillənmələrlə əhatə olunduğumuz ölkədə insan nəfəs ala bilməz… Bəlkə də dünən həkimlərin xüsusi səyi ilə “qayıtdığım” o Yola məni yollayan “ağ ciyər spazması, ürək çatışmazlığı” deyil, canımıza, ciyərimizə qətrə-qətrə dolan gördüklərimiz, yaşadıqlarımızdır.
Ölkəni büsbütün talayan, mənimsəyən, insanları girova, qula çevirən, nökər olmayanları türməyə soxan bir hakimiyyət üz-üzə, göz-gözə dediyi yalanları ilə havamızı zəhərləyib: bu ölkədə nəfəs alanda adamın ciyərlərinə oksigen əvəzinə yalan, böhtan, şər dolur; bu xarabada hara baxırsan, ürəyinə haqqı pozulmuş, psixoz vəziyyətə düşmüş insanların nifrət dolu nəzərləri saplanır…
“O ki qaldı vətəndaşları təhqir edən, insanlara böhtan atan, reketçilik edən, xalqına və dövlətinə xəyanət edən ”jurnalistlərin” cəzasız qalmasına…” – sözləri ilə beynəlxalq təkşilatların hesabatlarındakı tənqidlərə verdiyi nifrətli cavabı davam etdirir PA sözçüsü Əli Həsənov; dəmir barmaqlıqlar arasına salınandan sonra həm də “dırnaq arasına” salınan jurnalistlər sırasında Əvəz Zeynallının da adı var.
O Əvəz Zeynallı ki, onun Gülər Əhmədovanın bir quru ərizəsi və anlaşılmaz lent yazısı ilə tutulduğunu hamınız bilirsiniz. Ancaq G.Əhmədovanın buna vadar edildiyini, əslində isə həbsin arxasında Ilham Əliyevin razılığı ilə PA rəhbəri Ramiz Mehdiyevin dayandığını Əvəz hələ həbsinə hazırlıq görülərkən demişdi.
Tam 11 ay bunu sübut etmək üçün heç bir əsas yox idi – baxmayaraq ki, bütün yollar “Boz kardinal”a aparırdı. Ancaq 11 ayın tamamında – “Xural”ın gündəlik nəşrinin ildönümü ərəfəsində Elşad Abdullayevin yazısı, sonra da şok videosu yayıldı. Əvəzi reketçilikdə, dələduzluqda ittiham edənlərin əslində dələduz, reket, seçki saxtakarı olduğu üzə çıxdı.
Əvəz Zeynallının ad günü ərəfəsində (!) isə Elşad Abdullayev Sevinc Babayeva ilə söhbətinin detallarını yaymaqla alınan 1 milyonun əslində hara aparıldığına, kimlərin otağında sayıldığına aydınlıq gətirdi; şübhələr aradan qalxdı, fakt növbəti dəfə təsdiqləndi…
Boz… yox, artıq “Bozarmış kardinal”dan xəbər yox; deyəcək söz qalmadı daha və…
Yenə də Əli Həsənov! Amma onun jurnalist sözünü dırnaqda işlətməsi bu dəfə heç təsadüf deyil.
“Insanlara böhtan atan, reketçiliklə məşğul olan, xalqına-dövlətinə xəyanət edən…” epitetlərinin qarşısında jurnalist sözünü dırnaqda işlətmək çox təbii bir şeydir; çünki bu ölkəni dağıdan, reketliklə sahibkarların, vətəndaşların şəxsi əmlakını mənimsəyən və ölkəyə, millətə, xalqa xəyanət edənlərin jurnalistlər deyil, hakimiyyəti ələ keçirmiş mafioz qruplar olduğunu Əli Həsənov çox gözəl bilir…
Bu reket, mafioz hakimiyyət insanların hamısını gözüqıpıq eləyib; bu ölkədə halal yaşamaq, havasına, suyuna belə yalan, şər, böhtan qarışmış xarabada paklığını qorumaq çox çətin bir işdir; düşünülmüş surətdə qurulan bu idarəetmə mexanizmi böyük əksəriyyəti bu və ya başqa formada suç ortağına çevrib: elektrik sayğacına müdaxilə edən vətəndaşından, təmizlədiyi tualetdən sabun və kağız oğurlamaqla yaşamını sürdürmək məcburiyyətində qalan süpürgəçisindən məmuruna qədər… hamı suçludur, Əvəz Zeynallı da istisna deyil: çünki bu hava ilə nəfəs alır, bu sudan içir… Amma Əvəz bu ölkədə həbs olunası ən sonuncu adamdır. Ən azı ona görə ki, bir milyonluq rüşvət alma FAKTINDA suçlanan adamın “məndən 10 min istədi” FAKTSIZLIĞI ilə Əvəzin həbsə atılmasından dəhşətli bir şey ola bilməz…
Elə bilirsiniz bunlar cəzasız qalacaq? Qalmır və qalmayacaq…
Elə bilirsiz “Xural”ın və Əvəzin ad günündə onu şərləyənlərin iç üzünün açılması təsadüfdür? Yox! Bu, Tanrının böyük bir mesajıdır. Amma bu mesaj Əvəzə görə deyil…
Bu mesaj ata həsrətilə əllərini, üzlərini, gözlərini həbs etmək istəyən Banunun, Selcanın və banuların, selcanların pak və təmiz dualarının nəticəsidir.
Bu mesaj məsumların Tanrının özünü belə riqqətə gətirən böyük sevgilərinə qarşı yönələn şeytan hiylələrinə Tanrı cavabıdır…
Dünyanın bütün məsum, gül balalarının simvolu kimi Selcanı, Banunu atalarının bu gün – dekabrın 16-da tamam olan 43 yaşı münasibəti ilə təbrik edirəm; Əvəzi də qutlayıram – amma qocalığımızı gətirən növbəti yaşa görə yox; bu xarabalıqda Selcan və Banu kimi çiçəkləri bəslədiyinə görə.
Tanrı bu çiçəkləri sona qədər qorumaq imkanını qıysın sənə, Əvəz!




