Gülər Əhmədovanın həbsi reallaşır?

Elşad Abdullayevin son video-bombası iqtidarı hərəkətə gətirdi

Sabiq deputatın hakim partiyadan çıxarılması onun həbsinə hazırlıq sayılır; iqtidar “öz balalarını ayaq altına almaq” taktikası seçir; yaxın günlərdə Sevinc Babayevanın da tutulub TV-də “etiraflar” edəcəyi deyilir.

İqtidar Elşad Abdullayevin yaydığı son videolardan sonra bəzi ciddi qərarlar qəbul edib. Artıq siyasi hakimiyyət, konkret olaraq Prezident Administrasiyası üzləşdiyi biabırçılığın effektini azaltmaq üçün düyməyə basıb – Gülər Əhmədova YAP üzvlüyündən xaric olunub. Sabiq deputatın partiya sıralarından çıxarılması ilə bağlı məsələyə YAP-ın Bakı Dövlət Universiteti üzrə ərazi təşkilatında baxılıb və aylarla gözlənilən qərar verilib.

Hakimiyyətə yaxın mənbələrdən verilən xəbərə görə, hazırda G.Əhmədovanın həbsinə hazırlıq görülür. Bunun üçün də onun siyasi immunitetini tam olaraq zəiflədirlər. Əlimizə çatan bilgilərdə deyilir ki, iqtidardakılar E.Abdullayevin növbəti video-bombalarından sığortalanmaq, cəmiyyətdən, mətbuatdan, müxalifətdən üzərinə gələn tənqid və qınaq selinin qarşısını almaq üçün G.Əhmədvanı həbs etmək haqda qərar verib.

Deyəsən, G.Əhmədova da bundan duyuq düşüb. Artıq sabiq deputat mətbuata xəstə olması haqda xəbər ötürüb. Avropa.info saytı YAP-dan çıxarılmasına münasibət öyrənmək üçün G.Əhmədova ilə telefon əlaqəsi saxlamağa cəhd edib. Telefona cavab verən bir xanım keçmiş deputatın xəstə olduğunu deyib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dünən aznews.az-a müsahibə verərək yayılan son videoda söylənilənləri yalana çıxarmağa çalışıb. O, deyib ki, E.Abdullayevin yaydığı videolardakı iddialar yalan və böhtandır: “Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İki nəfərin oturub söhbət etməsi hər hansı əsas deyil. Onların ikisi də əvvəlcədən öyrədilmiş adamlardır ki, öz söhbətlərinin videosunu da çəkdiriblər. Həmin videoda kimin adını istəsən, hətta Barak Obamanın da adını çəkmək olar. Amma bu, o demək deyil ki, Obama bu proseslərin iştirakçısı olub. Bu adamların hər hansı fikir söyləməsi və məsələlərə münasibət bildirməsi, əxlaqsız qadınla dələduzun oturub söhbət etməsi və bunu lentə alması məqsədli şəkildə həyata keçirilib”.

S.Novruzovun son videolardan danışması iqtidar daxilində bu məsələ ətrafında ciddi müzakirələrin getdiyini söyləməyə əsas verir. Eyni zamanda hakimiyyətin bu məsələni adi məişət səviyyəsindəki söhbətlər kimi qələmə vermək istəyi də sezilir. Çox güman ki, hakimiyyətin bu cəhdi baş utan deyil. Çünki artıq E.Abdullayevin başlatdığı video-hücumlar iqtidarı olduqca çətin vəziyyətlərə salır. Bunun altından çıxmaq üçünsə mütləq “günah keçisi” tapılmalıdır.

Dünən bu qalmaqalın digər qadın iştirakçısı Sevinc Babayeva haqda daha bir fakt bəlli olub. S.Babayeva Prezident yanında Dövlət İdarəçilik Akademiyasında da çalışıb. S.Babayevanın akademiyada hansı işləri icra etdiyi bəlli deyil. Bundan əlavə, sabiq kitabxana müdiri iqtisad elmləri namizədi olub. Buna sübut olaraq onun S.Q.Cümşüdovla çap etdirdiyi “Telekommunikasiya sahəsində sosial-iqtisadi inkişafın sürətlənməsinin əsas istiqamətləri” adlı kitabını göstərmək olar. Məlumat üçün bildirək ki, həmin kitab “Təhsil NPM” nəşriyyatında yığılıb.

Bəzi iddialara görə, hazırda axtarışda olan S.Babayevanın Türkiyədə gizlənməsi haqda məlumatlar var. Onun yaxın günlərdə həbs edilərək Azərbaycana gətiriləcəyi, hətta telekameralar qarşısında bəzi “etiraflarda” bulunacağı deyilir. Bu haqda bizə bilgi verən məlumatlı mənbənin dediyinə görə, istintaq S.Babayevanı və G.Əhmədovanı həbs edib üzləşdirəcək, E.Abdullayevdən aldıqları “pulu heç kimə vermədən öz aralarında böldükləri” haqda süjet göstərəcək.

Bəs son videodan sonra istintaqda hansısa yeniliklər varmı? Yayılan son video cinayət işinə əlavə olunubmu?

Bu suallarla Baş Prokurorluğun mətbuat xidmətinə müraciət etdik. Xidmət rəhbəri Eldar Sultanov bunları bildirdi: “Qeyd edilən cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə informasiya verilməsi təmin olunacaq”.

“Yeni Müsavat”ın əməkdaşı G.Əhmədova ilə əlaqə saxlayaraq son videolarla bağlı münasibəti öyrənmək istəyib. Lakin G.Əhmədovanın telefonu qapalı olduğundan bu, baş tutmayıb.
Sabiq deputat Facebook səhifəsində pişik şəkli olan poster yayıb. Həmin posterdə pişik şəklindən savayı ruscadan dilimizə tərcümədə təxminən belə bir ifadə yazılıb: “Əgər işlər sənin istədiyin kimi getmirsə, imkan ver gəlib yanından keçsinlər. Deməli, bu işlər sənlik deyil”.

“Pişiyin” bu sözləri ünvansızdır. Amma sabiq deputat ayrı vaxtlarda belə posterləri yaymırdı. Son video-bombanın yayılacağı anonsu verilən ərəfədə bu posteri yaymaqla sabiq deputatın kimlərəsə mesajını çatdırdığını düşünmək olar…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button