
ƏVƏZ ZEYNALLI GÜLƏR ƏHMƏDOVANIN MƏHKƏMƏYƏ SAYĞISIZLIĞINDAN SONRA İFADƏ VERDİ
Ə.Zeynallı: “Mən heç, məni qoyaq bir tərəfə. Gülər Əhmədova Azərbaycan qanunlarına, məhkəmələrinə nə qədər hörmətsizlik və sayğısızlıq etdiyini bura gəlməməklə sübut etdi. Bu qadın facebook səhifələrində toy əhvalatlarını paylaşır, “qaynana” obrazında kimlərə mesaj göndərir artıq bunu da bilənlər özləri daha yaxşı bilir. Amma bura gəlib üzəduranlığını tələb edəndə, telefonun dəstəyini götürə bilməyəcək səviyyədə xəstə olduğunu iddia edir. Dövlət ittihamçısının gücü çatmadı ki, onu bura gətirsin. Ona görə bir daha təkrar edirəm ki, prokuraturanın bizim məsələmizdə dili qısadır.”
Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyeva proses başlayan kimi Ə.Zeynallının ötən məhkəmə prosesində telefon danışıqlarına dair “Azercell” və “Bakcell”ə sorğu göndərilməsinə dair vəsatətin təmin edildiyini açıqladı.
Hakim vergi məsələsinə dair vəsatətə dair gələn məhkəmə prosesində mütəxəssis dəvət ediləcəyini bildirdi. Baş redaktor həmçinin onunla bağlı olan 6 şikayət ərizəsinin surətini də istədi. Ə.Zeynallı ötən proseslərdə ifadə verən sürücünün Aydın Heydərovun sürücüsü Əlirza Allahverdiyevin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün yenidən məhkəməyə çağırılmasını tələb etdi. Hakim baş redaktorun tələbinin təmin edilməyəcəyini bəyan etdi. Daha sonra Ə.Zeynallı Vergilər Departamenti tərəfindən istintaqa təqdim edilən saxta sənədlə bağlı tədbir görülməsini tələb etdi: “Ötən proseslərdə Şahin Əsgərli bunu özü etiraf etdi və bildirdi ki, bu işin xeyrinədir”.
Ə.Zeynallı G.Əhmədovanın yenidən məhkəmə prosesinə gətirilməməsinə etiraz etdi. Baş redaktor bildirdi ki, hakim onun xəstə olduğunu bildirir, amma G.Əhmədova “Yeni Müsavat”da dərc olunan yazıda bildirib ki, onun vəziyyəti yaxşıdır: “Gülər Əhmədova dövlətə meydan oxuyur. Mən heç, məni qoyaq bir tərəfə. Gülər Əhmədova Azərbaycan qanunlarına, məhkəmələrinə nə qədər hörmətsizlik və sayğısızlıq etdiyini bura gəlməməklə sübut etdi. Bu qadın facebook səhifələrində toy əhvalatlarını paylaşır, “qaynana” obrazında kimlərə mesaj göndərir artıq bunu da bilənlər özləri yaxşı bilirlər. Yəqin bunun da üstü bir gün açılar. Amma bura gəlib üzəduranlığını tələb edəndə, telefonun dəstəyini götürə bilməyəcək səviyyədə xəstə olduğunu iddia edir. Dövlət ittihamçısının gücü çatmadı ki, onu bura gətirsin. Ona görə bir daha təkrar edirəm ki, prokuraturanın bizim məsələmizdə dili qısadır.”
Əvəz Zeynallı 6 aydan artıq davam edən məhkəmədə sərbəst ifadəsini verib. O, həbsini «Xural» qəzetinin 9 illik fəaliyyətilə bağlayıb. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Azərbaycanda müstəqil mətbuatı tamamilə məhv edərək, aradan çıxarmaq planlarının içərisində “Xural” qəzetinin də susdurulması planının olduğunu xatırladan baş redaktor, “Görəndə ki, bunların emissarları tərəfindən mənə göndərdikləri təklifləri qəbul olunmadı, o zaman bizi başqa yollarla susdurmaq planını həyata keçirməyə başladılar. Əvvəlcə qəzetə modelyer adı altında şəxsiyyəti bəlli olmayan bir qadın göndərdilər. Xuralçıların sayıqlığı nəticəsində bu planları baş tutmadı. Sonra 2010-cu ilin əvvəllərində dost bildiyim həmkarım vasitəsilə mənə stolüstü dəst hədiyyə edildi, onun içinə əlavə olunmuş saatın içindən səsdinləmə qurğusu tapdıq. Öz əlimlə mən bu qurğunu Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidova təqdim etdim. Dedi araşdırma aparırıq, amma nə nazirlə görüşüm zamanı, nə də Sadiq Gözəlovdan bu barədə məlumat almaq arzum baş tutmadı, sonra məlum oldu ki, səsdinləmə qurğusunu mənim otağıma DİN-in 7-i bölməsi – hansı ki, E.Abdullayevin məxfi görüntüləində 15-20 min manatlıq rüşvətdəmn bəhs edirlər – yerləşdirib. 2010-cu ilin may ayında PA rəhbəri R.Mehdiyev haqqında araşdırma yazısını dərc edəndən sonra administrasiya rəhbəri iyun ayında bizi məhkəməyə vüerdi. Onun ardınca KİV DF-nin keçmişdə qəzet çeşidləyən, Azərbaycan mətbuatında bir yazısı belə dərc olunmayan Vüqar Səfərli məhkəməyə verdi və hər ikisi 10 min manat cərimə tələb etdi. R.Mehdiyevin iddiası cəmi 10 dəqiqəyə təmin olundu, Vüqar Səfərliyə məhkəmə qərarı əsasında kəsilmiş 500 manat cərimədən Apellyasiya şikayəti verdik, onlar bizi 5 min manat yenidən cərimələtdilər. Artıq oyun başlamışdı. Bizimlə bərabər, bütün məmləkət mənim həbs olunacağım günü gözləyirdi. Gündəliyə keçməyimizə cəmi 10 gün qalmış Mətbuat Şurası Ramiz Mehdiyev və Əli Həsənovun siyasi sifarişilə “Xural” qəzetini qara siyahıya saldılar. Görəndə ki, bununla da bizi dyandırmaq mümkün deyil, son həmlə etdilər. R.Mehdiyevin qüvvəyə minməmiş məhkəmə qətnaməsi əsasında redaksiyanın bütün texniki avadanlıqları müsadirə olundu. Buna baxmayaraq, biz son nömrəmizi də çap etdik. Səhəri gün bütün nəşriyyatlara tapşırıldı ki, “Xural”ı dərc etməsinlər. Həbsimdən 5 gün əvvəl Ədliyyə Nazirliyi də siyasi sifariş həyata keçirərək, heç bir səbəb olmadan haqqımda AR CM-nin 306-cı maddəsini qaldırdı. O zaman məlum oldu ki, oyunun baş qəhrəmanı Ramiz Mehdiyevin adı zərərçəkmişlər siyahısından çıxarılıb. Oktyabrın 26-da ABŞ prezidenti Barak Obamaya bir müstəqil mətbuatın xilas olması naminə 19 min manat borc istədiyim haqda müraciət etdim. Səfirliklə mənimlə görüşdülər və bəzi şeylərə aydınlıq gətirməyə çalışdılar. Mənim bu hərəkətim yuxarıları daha da narahat etdi və onlar tələm-tələsik, şər və böhtan yolu ilə, namərdcəsinə məni həbs etməyə qərar verdilər. Gülər Əhməfova bu işdə yalnız icraçıdır. Məni Ramiz Mehdiyevin şəxsi icraatında olan bir qurum – Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi həbs etdirdi. Bu məhkəmədə görəcəksiz, onların təqdim etdikləri “sübutlar”ı. Belə işləyiblər.”
Əvəz Zeynallı Gülər Əhmədovanın şikayəti əsasında həbsinin birbaşa Ramiz Mehdiyevin göstərişi əsasında həyata keçirildiyini bildirdi: «Məni həbs edəndə elə təxmin edirdim ki, haqqımda qaldırılan 306-cı maddə ilə tutblar. Ancaq Korrupsiya ilə Mübarizə İdarəsi nin müstəntiqi Qabil Qasımov deyəndə ki, «deputat Gülər Əhmədova ondan hədə-qorxu ilə pul tələb etməyinizə görə müraciət edib», heyrətləndim. Oynanılan iblisanə oyunun yeni detalları mənə aydın oldu. Başa düşdüm ki, məni başqa maddələrlə həbs edə bilməyən hakimiyyət şərləməyə qərar verib. Çünki, hamı kimi biz Güləri də tənqid edirdik, haqqında yaxşı informasiyalar olanda onu da dərc edirdik. Münasibətimiz də normal olub. «Mərkəz» qəzetinin keçmiş baş redaktoru Nigar Almanqızı mənə şikayətlənirdi ki, Gülər onu incidir, şantaj edir, hədələyir, ailəsini təzyiq altında saxlayır və sair. Mən də bu barədə Gülərlə söhbət etdim».
Əvəz Zeynallı bildirdi ki, Nigar Almanqızı ilə Gülər Əhmədovanın münasibətlərinə dair qəzetdə dərc etməyə hazırlaşdığı yazının anonsundan sonra Gülər Əhmədova ona zəng edərək görüşmək istədiyini bildirib: «Bu anonsun dərcindən və digər xəbərlərdən sonra Gülər Əhmədova mənə zəng vurub öz ofisinə çay içməyə çağırdı. İsrarlı təkidlərinə baxmayaraq, Gülərin ofisinə getmədim. Onu redaksiyaya dəvət etdim. Gülər 8 avqust 2011-ci ildə redaksiyaya gəldi. İsrarla xahiş etdi ki, «qardaş, qurban olum, bacının səninlə bircə dəqiqəlik söhbəti var»… Bilsəydim ki, Gülər Əhmədova Ramiz Mehdiyev oyununun tərkib hissəsi kimi gəlib yanıma, onu qəbul etməzdim… Təsəvvür edin, ciddi hesab etdiyin bir adam, 15 ilin deputatı otağa girib oturan kimi deyir, «qardaş, mən sənin üçün nə edim, nə qədər pul istəyirsən?..». Dedim, “kim səndən nə istəyir ki? Yaxşısı budur çıx get…” Dedi, “yox, olmaz qardaş, de görüm, bacın sənin üçün nə eləsin?” …Ətim ürpəşdi, çünki Gülər Əhmədova çox həyəcanlı idi. Onun bu həyəcanı məni şübhələndirdi. O da hiss etdi ki, mən başa düşdüm. Başladı tələm-tələsik nəsə hesablamağa… Özü pul təklif elədi, hesabladı. Sonra da dedi ki, yox o qədər yox, bu qədər bacın sənə kömək edər. Yenə dedim ki, axı kim sizdən nə istəyir ki? Ümumiyyətlə, bura nəyə gəlmisən? Tez durub çıxdı, mən də tələsik redaksiyanı bağlayıb çayxanada məni gözləyən işçilərimizin yanına getdim. Çatan kimi də ilk sözüm bu oldu: Deyəsən, Gülər səsimi yazmağa gəlmişdi».
Əvəz Zeynallı 103 səhifəlik ifadəsinin birinci bölməsinin bitdiyini deyəndən sonra, hakim məhkəmə iclasının davamını noyabrın 21-nə saat 14.00-a təyin etdi.
“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktora qarşı külli miqdarda rüşvətalma və hədə-qorxu tətbiq olunmaqla rüşvətalma maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxudan yararlanıb 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Bu ittihamlar sübut olunsa, Əvəz Zeynallı əmlakı müsadirə olunmaqla, 8 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Keçmiş millət vəkili Gülər Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar rüşvət tələb etməkdə günahlandıran videonu yayandan sonra Gülər Əhmədova istintaqa mane olmamaq üçün deputat mandatından imtina edib.
XuralTAC




