ÜZÜMƏ DURAN BÜTÜN ŞAHİDLƏRİ ƏLİ HƏSƏNOV TƏLİMATLANDIRIB…

21.11.2012

Əvəz Zeynallı: “Dünən verdiyim ifadədə dəfələrlə Ramiz Mehdiyevlə, Əli Həsənovun adını çəkmişəm. Özümə dost bildiyim, müttəfiq hesab etdiyim mətbuat belə bu adamların adlarını qəzet səhifələrindən çıxarıblar. Bu nə deməkdir? Bu o deməkdir ki, mənim həbsimin sifarişçisi həqiqətən də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, icraçısı isə Administrasiyanın şöbə müdiri Əli Həsənovdur”.

Bu sözləri Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib. Ə.Zeynallı prosesin ilk dəqiqələrndə yenidən G.Əhmədovanın məhkəməyə gətirilməməsilə bağlı etirazlarını bildirib və yenidən vəsatət qaldırdığını qeyd edib: “Mən bu gün mətbuatdan G.Əhmədovanın mətbuata yönləndirdiyi hədə-qorxu və təhdidlərini oxumuşam. Keçən dəfə də dedim ki, bu qadın anadan olandan hədə-qorxu və şantaj üzərində bərqərar olub. “Yeni Musavat”ı hədəliyir, modern.az saytını təhdid edir, haqqında yazı yaazn bütün mətbuatı ayağının altına alıb. Bu adam sapasağlamdır, fil kimi də vuruşur, səsi də siz dediyinizdən gur çıxır. Bu adamı məhkəməyə niyə gətirmirsiniz? Ey, Azərbaycan prokurorluğunun əməkdaşları, ey məhkəmənin hörmətli hakimləri nə fikirləşirsiniz? Bu qədər də qanunlara sayğısızlıq olar? Bu adam şər və böhtanla ölkənin 10 illik qəzetinin baş redaktorunu heç bir dəlil-sübut olmadan barmaqlıqlar altına atıb, sonra da bütün dövlətə meydan oxuyur. Bu qadına deyən də yoxdur ki, “Adam, heç olmasa gözlə, Ə.Zeynallının məhkəməsi qurtarsın, göndərək onu gedər-gəlməzə, sonra təhdidlərinə davam et!” Bu qanunlarımız qarşısında çox böyük ayıbdır. Allaha and olsun, ayıbdır. Mən hər məhkəmə iclasında onun bura gətirilməsilə bağlı vəsatət verəcəm. Xoşunuza gəlsə də, gəlməsə də. Siz mənim vəsatətlərimi rədd edin, qanunsuzluğa siz imza atın. Mən sizinlə şərik olmayacam. Gülər Əhmədova sizə, dövlət ittihamçısına meydan oxuyur. Sizsə onu müdafiə edirsiniz. “

Hakim R.Allahverdiyeva:

– 33…

Ə.Zeynallı:

– Siz ifadəmin 33-cü səhifəsinə keçməyimə işarə vurursunuz. Amma 33 həm də İsa peyğəmbərin çarmıxa çəkildiyi yaşıdır. Görünür bu da bir öngörənlikdir… Siz burda onu müdafiə edirsiniz. O da oturub sizə gülür ki, nə eləyirsiniz eləyin, mən fb-da toy çarxlarını paylaşıb, kimlərəsə mesajımı göndərirəm. Elə qaynanayam ki, qaynanayam.

Daha sonra baş redaktor sərbəst ifadəsini davam etdirdi və keçmiş deputat Gülər Əhmədova ilə görüşündən və səsinin yazılmasından danışdı.

– Mən bu gün də deyirəm. Ağlıma da gəlməzdi ki, bir dövlətin 15 ildir deputat səlahiyyəti verdiyi adam, mənə qarşı siyasi oyunun icraçılığına boyun ola və gəlib mənim səsimi otağında yazmağa cəhd göstərə… Cəmi 1 gün sonra bu əməliyyat haqqında mənə məlumat verdilər və dedilər ki, sənin haqqında oyun hazırlanır və orada Gülərin adı keçir. Təxminlərim özünü doğrultmağa başladı. Hadisədən 1 həftə sonra ölkənin 10-a yaxın tanınmış siması mənə zəng vurub, Gülərin telefon zənglərimə cavab verməyi xahiş etdilər. Əməkdaşlarıma da xəbərdarlıq etdim ki, bu məkri-zənənin əli lə bizə qarşı əməliyyat hazırlanır, diqqətli, ayıq-sayıq olun. Ən son məqamda həmkarım Rauf Arifoğlu zəng vurdu ki, bu mənim baş-beynimi töküb, sən Allah bu qadını qəbul elə. Dedim, çox təhlükəli məqamdır – çünki Redaktorlar Birliyinin iclasında bu məsələni müzakirə etmişdik – amma sizin xətrinizə qəbul edərəm. Amma bu qadın şər-xatadır, çünki, görüşən kimi deyir ki, sənə nə verim. Mən də narahatam ki, dalınca əməliyyat qrupu içəri girib, məni hadisə başında “tuta bilərdilər”. Ona görə də bu qadının üzünü belə görmək istəmirdim. Zəli kimi yapışıb, qopmurdu. Həmin vaxt Gülər israr edirdi ki, onunhaqqında nə yazı gəlsə, mən dərc etməyim. Bütün məmləkət bilir ki, mənə belə qadağa qoymaq olmaz. Dedim, dərc edəcəm, amma sizin də cavab haqqınızı tanıyacam. İndi başa düşürəm ki, Elşad Abdullayevdə məşhur videoyazının olması ilə bağlı məlumat, hələ o vaxtdan Gülərdə olub. Bu həm də özünə görə narahat imiş. Ona görə də, Ramiz Mehdiyevin sifarişini canla-başla həyata keçirib…”

Daha sonra Əvəz Zeynallı həbsindən 45 gün əvvəl, “Xural” və “Azadlıq” qəzetlərinə verdiyi müshibədən danışıb və qəzetlərin surətini məhkəmə heyətinə təqdim edib: “Müsahibədə demişəm ki, mənə qarşı əməliyyat hazırlanır. Məni bir deputatın əli ilə həbs edəcəklər. Jurnalist soruşub ki, hansı deputatın? Mən də demişəm ki, Gülər Əhmədovanın…” Ümumiyyətlə, baş redaktor verdiyi ifadələri tarixlərilə, həm də dəlil şəklində hakimlərə təqdim edib.

Baş redaktor hər dəfə Ramiz Mehdiyevin və Əli Həsənovun adı çəkiləndə etiraz edən prokuroru dövlət ittihamı əvəzində Gülər Əhmədovanın ittihamını müdafiə etməkdə günahlandırıb: “Məhkəmə və istintaq Ramiz Mehdiyevin adı gələndə nəfəs almağa da qorxurlar. Bunlar hətta İlham Əliyevdən də çox Ramiz Mehdiyevdən qorxurlar” – deyə baş redaktor bildirib.
Prosesdə şahid qismində ifadə verənlərin hamısının birbaşa Əli Həsənov tərəfindən təlimatlandırıldığını qeyd edən Ə.Zeynallı əlavə edib ki, Gülər Əhmədova ilə şərləmə əməliyyatı alınmasaydı, bunun üçün Tənzilə Rüstəmxanlıdan istifadə ediləcəkdi. Vüqar Səfərliyə gəlincə, o da  KİVDF-ni Əli Həsənovla şərik işlətdiyini də vurğulayıb.
Təqsirləndirildiyi AR CM-nin 311-ci maddəsini “şərəfsiz və əxlaqsız” adlandıran baş redaktor fəaliyyəti dövründə rüşvətlə mübarizə apardığını dedi, ona qarşı məhz bu maddə ilə cinayət işi açılmasını isə əxlaqsız hərəkət adlandırdı. Haqqında açılan cinayət işlərinin heç birinin əsası olmadığı üçün istintaqın bir neçə gün sonra işə əlavə maddələr – 311.3.2, 213.2, 306.2 maddələrinin salmasını da nakişilik adlandırd: “Məni 147-ci maddə ilə həbs etsəydilər, hələ bir təşəkkür də edərdim ki, sağ olun, Sağ olun ki, yazılarıma, buraxdığım qəzetə görə məni həbs etdirdiyinizi etiraf edirsiniz. Amma bunu da eləmək istəməyiblər, çünki Ə.Həsənov sonra necə deyə bilərdi ki, bizdə peşə fəaliyyətinə görə həbs olunan jurnalist yoxdur? Ona görə bu şərəfsizliyə əl atdılar.”

Sonda Əvəz Zeynallı hakimiyyətin onu yalnız rüşvətlə şərləməklə kifayətlənmədiyini, hər cür qanunsuz və iyrənc hərəkətlərə yol verdiyini deyib.

Proses noyabrın 22-də, saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam edəcək.

Xatırladaq ki, Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamında olan bir qrup məmur “Xural” qəzetinin nəşrinin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmayan R.Mehdiyev baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəlib və parlamentə təyinatını verdiyi Gülər Əhmədovanı baş redaktora şər atmağa sövq edib və G.Əhmədovanın saxta ittihamları ilə, ortada heç bir rüşvət faktı olmadan  Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. Məhkəmə R.Mehdiyevin siyasi sifarişini həyata keçirdiyi təqdirdə, hazırda 13 aydır ki, istintaq və məhkəmə araşdırması altında həbsdə saxlanılan Ə.Zeynallı daha bir neçə il müddətinə azadlıqdan məhrum ediləcək.

Dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button