
Əli Həsənovla qəzetlərin problemləri müzakirə olunacaq
PREZİDENT ADMİNİSTRASİYASI RƏSMİLƏRİ İLƏ BAŞ REDAKTORLARIN GÖRÜŞÜ KEÇİRİLƏCƏK
27.06.2012
Qəzet yayımında yaranmış problemləri müzakirə etmək üçün Prezident Administrasiyasının rəsmiləri ilə baş redaktorlar arasında görüş keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov iyunun 27-də “Media forum” saytına deyib ki, görüş yaxın günlərdə baş tutacaq.
Şura sədri bildirib ki, bir necə gün əvvəl bir qrup redaktor toplanaraq qəzet satışı ilə bağlı yaranmış vəziyyəti müzakirə edib: “Mən xaricdə idim. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli həmin görüşdə iştirak edib. Müzakirələrin yekununda qərara gəlinib ki, Prezident Administrasiyasının səlahiyyətli şəxslərdən biri (mətbuat son günlər PA şöbə müdiri Əli Həsənovun belə bir görüşə hazır olduğunu bildirib –XuralTAC) ilə görüş keçirilsin. Yaxın günlərdə belə bir görüş olacaq”.
Ölkənin aparıcı qəzetləri, özəlliklə “Yeni Müsavat” və “Azadlıq” son aylarda qəzet satışının müxtəlif yollarla əngəlləndiyini, paytaxtın mərkəzində, qəzet alıcılarının ən çox olduğu yerlərdə xeyli sayda qəzet köşkünün götürüldüyünü, eyni zamanda səyyar qəzet satışının məhdudlaşdırıldığını bəyan edirlər və bunu hakimiyyətin mətbu siyasəti kimi dəyərləndirirlər.
XuralTAC



