Gənc fotoblogger Mehman Hüseynov 48 saat müddətinə şübhəli şəxs qismində saxlanılıb

13.06.2012

İyunun 12-də axşam saat 18.00-da Səbail rayon polis idarəsinə çağırılan “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı və “Turan” İnformasiya Agentliyinin fotoreportyoru, tanınmış gənc fotoblogger Mehman Hüseynov 48 saat müddətinə şübhəli şəxs qismində saxlanılıb. Polis idarəsində 4 saat dindirilən Mehman Hüseynovun işi Səbail rayon məhkəməsinə göndəriləcək. Qeyd edək ki, Mehman Hüseynov Səbail Rayon Polis İdarənin müstəntiqi Müslim Quliyev tərəfindən açılmış cinayət işi üzrə əvvəlcə şahid qismində dindirilib, daha sonra isə müstəntiq onu şübhəli şəxs qismində tanıdığını və tutulduğunu bildirib. Mehman Hüseynov demokratiya, söz azadlığı, insan hüquq və azadlıqları uğrunda mübarizə aparan fəal gənclərdəndir. Eyni zamanda Avroviziya öncəsi insan haqlarının müdafiəsi ilə bağlı yaradılan “Demokratiya naminə oxu” (Sing for Democracy) kampaniyasının fəal iştirakçılarından olub. Onun çəkdiyi video və fotolar dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə qalib gəlib. 21 may aksiyası zamanı xarici jurnalistlər həmin aksiya zamanı Mehman Hüseynov barəsində sənədli film çəkiblər və bu film Almaniyada nümayiş etdirilib. Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən RATİ sədri Emin Hüseynov qardaşının və eyni zamanda rəhbəri olduğu təşkilatın əməkdaşı Mehman Hüseynovunun saxlanılmasını özünə və media təşkilatına edilən təzyiq kimi qiymətləndirdiyini bildirib. Mehman Hüseynov İctimai Palatanın 21 may aksiyasında peşə fəaliyyətini yerinə yetirərkən polisə qarşı fiziki zor tətbiq etməkdə və nalayiq ifadələr işlətməkdə günahlandırılır. Onun barəsində Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1 (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi üzrə cinayət işi acılıb. Bu maddə ilə Mehman Hüseynov yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Səbail Polis İdarəsində dindirilən Mehman Hüseynov saxlanılmasının siyasi sifariş olduğunu və bunun arxasında prezident administrasiyasının və ölkə prezidentinin durduğunun istisna olmadığını bildirdi. “Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov Avroviziya öncəsi verdiyi müsahibədə bildirmişdi ki, ölkədə pozulmuş insan haqları barədə foto və video çəkilişlər edən və bu çəkilişləri xarici mediaya ötürən şəxslər barəsində tədbir görmək lazımdır. elə etmək lazımdır ki, onlar evdən çölə çıxmasınlar. Düşünürəm ki, bu bir siqnal idi və indi mənim saxlanılmağım da bu siqnalın davamıdır”, -deyə Mehman Hüseynov ifadəsində qeyd edib.

İRFS

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button