
Əvəz Zeynallının məhkəməsi bu dəfə də qalmaqalsız ötüşmədi
Əvəz Zeynallı: “Mənim həbsim siyasi sifarişlə həyata keçirilib. Məhkəmələrdə audio və video yazıların aparılmasına icazə verilməsə, mən və vəkillərim danışmaqdan imtina edəcəyik. Sifarişlə neçə iş verəcəksinizsə, məsləhətləşin verin…”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmədə baş redaktorun vəsatətləri dinlənilib. Vəkil Ə.Zeynallının qəfəslikdən çıxarılaraq adi qaydada onlarla bir yerdə əyləşməsilə bağlı qaldırdığı vəsatət hakim tərəfindən dərhal rədd edilib. Hakim, “Sizə orada çox yaxşı şərait yaratmışıq, niyə etiraz edirsiniz?” çağırışına məhkəmədə iştirak edənlər, “Sizə də nə vaxtsa belə bir şərait yaradarlar” dedilər. Məhkəmə İlk dəqiqələrdən gərginliklə müşahidə olundu. Hakim və müstəntiqin sərt və qəzəbli çıxışlarına baş redaktor da etiraz etdi: “Siz qarşı tərəfin vəkili kimi yox, tərəfsiz olaraq səlahiyyətlərinizi yerinə yetirməlisiniz”.
Ə.Zeynallı məhkumların və təqsirləndirilən şəxslərin Bakı İstintaq Təcridxanasından məhkəmələrə gətirildikləri “voronok”lar və Bakı Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanma zirzəmiləri insan haqlarına zidd, insan şərəf və ləyaqətini alçaldan şəkildədir. Bundan sonra baş redaktor məhkəmənin diqqətinə çatdırıb ki, o 10 ildir Azərbaycan mətbuatında baş redaktor kimi fəaliyyət göstərir və onun həbsi də mətbu fəaliyyətilə bağlıdır: “Siyasi hakimiyyət rəhbərlik etdiyim gündəlik “Xural” qəzetinin fəaliyyətini dayandırmaq və məni susdurmaq üçün üzümə deputatlarını və onların əl buyruqlarını qoyurlar. Müstəqil mətbuatın susdurulması naminə hakimiyyət öz kadrlarından – hakim YAP Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovadan istifadə edib. Bu məhkəmə prosesi Azərbaycanın mətbuat tarixində ən yadda qalan və önəmli proses olacaq” Ona görə də məhkəmə prosesinin audio və videoçəkilişlər üçün icazə verilməsi haqda vəsatət qaldıran Əvəz Zeynallı qəti şəkildə bəyan etdi ki, bu çəkilişlər təmin olunmadığı təqdirdə o və vəkilləri etiraz əlaməti olaraq məhkəmənin suallarına cavab verməyəcəklər. “Artıq məhkəmənin gedişindən də bəllidir ki, yuxarılar mənim həbsimə qərar veriblər. Həbsimlə bağlı qərarı Prezident Administrasiryasının rəhbəri Ramiz Mehdiyev verib. Həbsimin planlaşdırılması və onun təşkili Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, azad və müstəqil mətbuatın amansız düşməni Əli Həsənov tərəfindən həyata keçirilib.” – deyən Ə.Zeynallı növbəti vəsatəti qaldıraraq, “hakimlər arasında Daxili İşlər naziri Ramil Usubovla, PA-nın rəhbəri Ramiz Mehdiyevlə qohumluq əlaqəsi olan varsa, hakimlikdən imtina etməyə səslədi: “Bu elə bir məsələdir ki, məhkəmənin gedişi zamanı da aydınlaşacaq. Ona görə də xahiş edirəm, mənim həbsimdə maraqlı olan hakimiyyət səlahiyyətlilərilə qohumluq əlaqəsi olan adamlar bu gün etiraf etsinlər və işə baxmaqdan imtina etsinlər ”. Daha sonra baş redaktor onu da bildirib ki, “Xural” qəzetinin fəaliyyəti zor gücü ilə dayandırıldıqdan dərhal sonra həm Ədliyyə Nazirliyi, həm də Respublika Prokurorluğu təqsirsizlik prezumpsiyasını pozaraq, məsələni siyasiləşdirmiş “Xural” qəzetinə və şəxsən ona qarşı qanunsuz, heç bir əsası olmayan bəyanatlar yayıblar. Məhkəmənin bu dəfəki iclasında da Ə.Zeynallının və vəkilin qaldırdığı vəsatətlər 5 dəqiqəlik müşavirələrdən sonra təmin olunmayıb. Bundan sonra vəkil Rəşid Hacılı Əvəz Zeynallının “ictimai xadim” olduğunu sədrin nəzərinə çatdırdı və bildirdi ki, bu gün ölkənin 20 nəfərdən çox ictimai-siyasi xadimi, hüquq müdafiəçisi, xalq artisti baş redaktorun zaminə buraxılması ilə bağlı öhdəlik sənədini imzalayıblar: Onların bir neçəsi də məhkəməyə müraciət etmək niyyətindədirlər. Müraciət edənlər arasında
- Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev
- “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı
- Bakı şəhəri, Səməd Vurğun küçəsi 85, mənzil 123 ünvanında yaşayan, Azərbaycanın Xalq Artisti Flora Kərimova
- Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva
- “İREX-Azərbaycan Nümayəndəliyi” Humanitar Təşkilatının hüquqşünası vəzifəsində çalışan Ələsgər Məmmədli
- Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru Cəmil Həsənli
- Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov
- Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı
- Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Mərkəzinin sədri Cəfərova Novella Cəfər qızı
- Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı
- İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı
- “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
- “Turan” İnformasiya Agentliyinin müxbiri Tofiq Dadaşov
- “Turan” İnformasiya Agentliyinin müxbiri Hüquq Salmanov
- “Turan” İnformasiya Agentliyinin redaktoru İlham Şabanov
- Ənnağı Hacıbəyli Azərbaycan Hüquqşünaslar Asossasiyasının prezidenti
- Əssabəli Mustafayev Demoktariya və İnsan Hüquqları Resurs Mərkəzinin direktoru
da var.
“Möhtərəm hakim, Əvəz Zeynallının mətbu fəaliyyətlə məşğul olmasını, onun cəmiyyət üçün heç bir təhlükə obyekti ola bilməyəcəyini, ailəsinin və yaxın qohumlarının Azərbaycanda yaşadığını nəzərə alaraq müraciətlərə baxıb, baş redaktorun məhkəmə prosesi davam etdiyi müddətdə “ev dustaqlığına” buraxılmasını xahiş edirəm”. Vəkilin bu xahişi də hakim Ramella Allahverdiyeva tərəfindən etirazla qarşılandı.
Qeyd edək ki, Ə.Zeynallı AR.CM-nin 311.3 maddəsilə haqqında cinayət işi açılandan sonra həbs edilsə də, məhkəmədə yalnız sonradan açılmış 306 və 213.1 maddələrlə bağlı zərərçəkmişlər iştirak ediblər. Deputat Gülər Əhmədovanın nümayəndəsi məhkəmədə iştirak etməyib.
Növbəti proses iyunun 6-da saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək.
Xatırladaq ki, qəzetin baş redaktoru Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
XuralTAC





Allah qapısını açsın, çox mərd adamdır, bunlar Əvəzi sındıra bilməzlər, Əvəz əvəzolunmaz insandır, görüşənədək, qardaş!