
“Azərbaycanda yalnız bir jurnalist həbsdədir”
“İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev ölkəmizdə səfərdə olan və Azərbaycan barəsində «Avroviziya» mahnı müsahibəsi ərəfəsində reportajlar hazırlayan BBC və ARD telekanallarına, “Ştern” və “Şpigel” dəgrilərinə geniş müsahibələr verib.
Azərbaycanda insan haqları ilə bağlı bir sıra problemlərin mövcudluğunu bildirən E.Fətullayev, bəzi hüquq-müdafiə təşkilatlarının ölkədə peşə fəaliyyətinə görə 7 jurnalistin həbsdə olması ilə bağlı yaydığı məlumatları yanlış adlandırıb. E.Fətullayevin fikrincə, bu gün yalnız “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbsdə olması mübahisəsiz və mübaliğəsiz qəbul etməlidir və yəqin ki, məhkəmə qərarından sonra o, beynəlxalq qurumlar tərəfindən siyasi məhbus kimi tanınacaqdır. Quba hadisələri ilə bağlı iki jurnalistin həbsinə toxunan E.Fətullayev bu məsələnin ciddi araşdırılmasının zərurətini vurğulayıb.
“Bu şəxslər ideyalarına və ya təbliğ etdikləri baxışlara görə yox, iğtişaşlara səbəb olacaq videogörüntünün, özü də hadisənin baş verməsindən 3 ay sonra yayılmasında təqsirli bilinirlər. Beynəlxalq praktikada iğtişaşlara səbəb olacaq süjetlərin yayılmasına ehtiyatlı münasibət bəslənir. Özü də ki bu şəxslərin istintaqa verdikləri ifadələrlə bağlı xeyli şübhəli məlumatlar var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin sədri cənab A.Herkelin açıqladığı vicdan məhbusu statusunun meyarları və təsnifatı bu şəxslərə şamil oluna bilməz. Onlar təbliğ etdikləri ideyaya görə həbs edilməyiblər. Onların siyasi məhbus statusuna gəldikdə isə bunu yalnız məhkəmə araşdırmasından sonra birmənalı şəkildə bildirmək olar”. Eynulla Fətullayev həbsdə olan jurnalist Aydın Caniyevi reketçi və məsuliyyətsiz jurnalistikanın nümayəndəsi hesab edərək, bu məsələnin söz azadlığına heç bir aidiyyatı olmadığını, bia.az saytının təsisçisinin işindən isə hələ ictimaiyyətin məlumatlı olmadığını qeyd edib. Səhər telekanalının müxbirinin həbsinə gəldikdə isə, bu jurnalistin özü prezidentə ünvanladığı açıq müraciətində etiraf edib ki, onun fəaliyyəti Azərbaycan dövlətçiliyinə qarşı olub.
E.Fətullayevin qənaətinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda yalnız bir jurnalistin peşə fəaliyyətinə görə həbsə salınmasında əmin ola bilərlər.




