RAMİL USUBOV ƏVƏZ ZEYNALLIDAN NƏ SORUŞMUŞDU?

25.04.2012

R.ƏLİYEV
Azpolitika

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ətrafında cavabsız sualların sayı 5 aylıq istintaq müddətində də azalmadı. Baxmayaraq ki, həbsin üzdə görünən əsas səbəbkarı deputat Gülər Əhmədova bu 5 ayda kifayət qədər danışıb, amma demək olar ki, heç nə deməyib. Sadəcə onu qeyd edib ki, deməyə kifayət qədər sözü var, amma istintaqa mane olmamaq üçün danışmaq istəmir.

Əslində, Gülər xanımın məhz bu arqumentlə mətbuatın qarşısına çıxacağı şübhə doğurmurdu. Bəzi məsələlərin aydınlaşması üçün isə məhkəmənin başlamasını gözləməkdən başqa çarə yoxdur. Məhkəmə isə nə işdisə uzandıqca uzanır. Bununla belə, Əvəz Zeynallının həbsində Gülər Əhmədovanın ciddi bir rolunun olmadığını, bu həbsin arxasında daha ciddi dairələrin və adamların durduğunu həbsin ilk günlərində olduğu kimi, elə indi də iddia etmək üçün yetərincə əsaslar var. Yəni, ötən 5 ay bu əsasların ciddiliyini bir daha ortaya qoydu. Görünən budur ki, Ə.Zeynallının həbsi barədə qərar verilmiş, prezidentin də razılığı alınmışdı. Qalırdı bunun formasını tapmaq ki, çoxlu sayda variantların içində sadəcə Gülər Əhmədova variantına üstünlük verilib, vəssalam.
Əlbəttə, burda diqqəti daha çox onun üzərində cəmləmək lazımdır ki, Əvəz Zeynallını nəyə görə həbs etmək zərurəti yaranmışdı. Hətta bu həbsin sifarişçisinin kimliyi sualı da bu məsələdən sonra gəlir.
Əldə olunan məlumatların təhlili onu göstərir ki, Əvəz Zeynallı da bir çoxları kimi hakimiyyət klanları arasında gedən mübarizənin qurbanıdır. Düzdür, onun həbsində hakimiyyətin tənqidə dözümsüzlüyü də var. Təəssüf ki, Ə.Zeynallı qəzeti gündəliyə keçirdikdən sonra seçdiyi yanlış taktika ilə onu həbsə atmağa çalışanların əlinə prezidentin qarşısına qoymaq üçün yeni arqumentlər verdi. Amma Ə.Zeynallının həbsi ilə bağlı qərar belə görünür ki, bundan çox əvvəl verilibmiş. G.Əhmədova da bu planda yer aldığından israrla Ə.Zeynallı ilə görüşməyə, təhrikçi çıxış və təkliflərlə onun həbsi üçün əsaslar əldə etməyə çalışırmış. Bunu dolayısı ilə özü də etiraf edir ki, Ə.Zeynallının səsini yazdıqdan sonra ona mesaj verib ki, sakit dursun. Deputat deyir: «İstintaq gedəndən sonra hamı məhkəmədə hər şeyi görəcək ki, bu səs nə vaxt yazılıb, zəng nə vaxt olub.
O adamın şantajlarının qarşısını almaq üçün mən yazdım, dedim ki, bax. Ona başa salmaq istəyirdim ki, məndə bu yazı var, sakit otur! Ancaq ondan sonra bu adam bir də başladı.»
Baş redaktorun deputatdan mesaj alandan sonra nəyə və necə başladığını demək çətin olsa da, istisna deyil ki, bu işi təşkil edənlər bu yolla ona təsir etməklə nələrəsə nail olmaq istəyiblər. Yəni, ola bilsin ki, həbs məsələsi planda olmayıb. Sadəcə, məqsədə nail olunmadıqda həbs variantı işə düşüb.

Sual oluna bilər ki, bütün bunların, Ə.Zeynallının həbsinin hakimiyyət daxilindəki klanların mübarizəsi ilə nə əlaqəsi ola bilər? Fikrimizcə, əlaqəsi var, həm də çox ciddidir.
Çoxları bu gün də bilmir ki, «Xural» ətrafında təzyiq kampaniyasına səbəb olan yazı redaksiyaya kənardan ötürülüb.
Söhbət «Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni sındırma planı» adlı yazıdan gedir. Bizim tam dəqiqləşdirə bildiyimiz məlumata görə, bu yazını «Xural»a qəzetin əməkdaşlıq etdiyi kənar müəlliflərdən biri gətirib. Həmin müəllifin isə hakimiyyət daxilindəki anti-mehdiyevçi qruplaşmalarla əlaqəsinə dair ciddi şübhələr var. Bu şübhələrin nə qədər əsaslı olduğunu daha sonra «Xural»ın redaksiyasından dinləmə qurğusunun tapılması da sübut etdi.
R.Mehdiyev də həmin yazının rəqib qruplaşmalar tərəfindən mətbuata ötürüldüyünə əmin olandan sonra Administrasiya rəhbəri kimi ilk dəfə olaraq bir qəzeti – «Xural»ı məhkəməyə verdi. Məqsəd də çox güman bu idi ki, rəqib qruplaşmanın onun əleyhinə mətbuatda kampaniya apardığını konkret fakt əsasında sübut edə bilsin.
Bizdə olan məlumata görə, Ə.Zeynallı DİN başçısı Ramil Usubovun qəbulunda olanda da söhbət əsasən həmin yazının «Xural»a kim tərəfindən ötürüldüyü ətrafında gedib. «Azpolitika» dəqiqləşdirə bilib ki, baş redaktor hər şeyi olduğu kimi danışıb Ramil Usubova. Nazir isə söz verib ki, məhkəmə cəriməsinin dayandırılmasına çalışacaq.

Lakin sonradan tərəflər əldə olunan razılığa əməl edə bilməyiblər.
Bu məsələ çox maraqlıdır. Necə olub ki, Ramil Usubov kimi hakimiyyətin çox nüfuzlu nümayəndəsi, eyni zamanda Ramiz Mehdiyevin ən yaxın adamlarından biri Azərbaycan reallığında demək olar ki, nadir hallarda rast gəldiyimiz bir addım ataraq aztirajlı həftəlik qəzetin baş redaktorunu qəbul edib, iki saata yaxın onunla söhbətləşib, nəsə söz verib, amma bu görüşün heç bir nəticəsi olmayıb? Bu görüşdən sonra da «Xural»da Ramiz Mehdiyevin əleyhinə kampaniya davam edib?
Əldə olunan informasiyaların təhlili ortaya maraqlı bir nəticə qoyur.
Məsələ ondadır ki, Əvəz Zeynallının ətrafında hakimiyyətdəki anti-Mehdiyevçi qrupla, onun hüquq-mühafizə orqanındakı bir qolu ilə əlaqələri olan kifayət qədər adamlar olub. Bunu sübut edən faktlar var. Həmin faktlardan birini yuxarıda qeyd etdik – Ramiz Mehdiyevin əleyhinə olan yazı «Xural»a kənarda hazırlanaraq ötürülüb.
İkinci fakt Əvəz Zeynallının həbsindən sonra qəzetin nəşrini davam etdirmək üçün çalışan «Xural»ın redaktoru Anar Mahmudoğlunun telefonla təhdid edilməsi məsələsi araşdırılarkən ortaya çıxdı.
Məlum oldu ki, A.Mahmudoğlunu hədələyən elə «Xural»ın əməkdaşlarından biridir – Əvəz Zeynallının ən yaxınında olan adamdır. Həmin şəxs Nərimanov metrostansiyası yaxınlığındakı taksafondan A.Mahmudoğluna zəng vurarkən DİN-in müşahidə kameralarına yaxalanmışdı.
Məlumata görə, Nərimanov polisindən həmin şəxsin məsuliyyətə cəlb olunmaması belə izah olunub: «Filankəslərin adamıdır, imkan vermirlər tədbir görək…»
Adını çəkmədiyimiz o «filankəs» isə barəsində danışdığımız anti-Mehdiyevçi qruplaşmanın bir qoludur.
Bütün bunlar onu göstərir ki, Əvəz Zeynallının ətrafında onun Ramil Usubovla görüşünün problemin həllinə real təsir göstərməsinə mane olan adamlar olub.
Nəticə isə göz qabağındadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button