Əvəz Zeynallının Avropa Yayım Birliyinin üzvlərinə müraciət etdi

06.04.2012

Ə.Zeynallı: “Siyasi sifarişləri həyata keçirərək, müstəqil mətbuata qarşı 150 min manatlıq məhkəmə iddiası qaldıran “Baltika-Bakı” MMC  insan haqlarının müdafiəsinin ruporuna çevrilən Eurovisiona sponsorluq edə bilməz! “

Hörmətli Avropa Yayım Birliyinin üzvləri!

Mən Azərbaycanda gündəlik nəşr olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 1 saylı Bakı İstintaq Tədricxanasından – Kürdaxanı zindanından sizə müraciət edirəm.

Rəhbərlik etdiyim qəzet və şəxsən özüm Azərbaycan hakimiyyətini, prezident İlham Əliyevi və digər yüksək vəzifəli məmurları tənqid etdiyim üçün həbs edilmişəm. Öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında 10 min manat məbləğində cərimə edilmişəm. Ramiz Mehdiyevin iddiasından sonra, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun rəhbəri Vüqar Səfərlinin, Prezident yanında “Azərbaycan” Dövlət Nəşriyyatının rəhbəri Ağabəy Əsgərovun iddiaları ilə cərimələrə məruz qalmışam. 19 oktyabr 2011-ci il tarixində qəzetimin əmlakı Azərbaycan hakimiyyəti tərəfindən qanunsuz şəkildə müsadirə olunub. Mətbəələrə isə “Xural” qəzetinin çap edilməsinə qeyri rəsmi qadağa qoyulub. Bu qadağa bu gündə qüvvədədir və Azərbaycanda mətbəələr “Xural” qəzetini çap etməyə qorxurlar. 28 oktyabr 2011-ci il tarixində isə məni həbs etdilər. Azərbaycan Milli Məclisinin deputatı, hakim Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü Gülər Əhmədova onu şantaj etdiyim və guya rüşvət tələb etdiyimi bildirib. G. Əhmədova istintaqa yazdığı ərizəsində şantajla bağlı audi yazıya malik olduğunu söyləyib. İstintaq həmin səs yazısını ekspertizadan keçirib və mənim onu şantaj etməyim barədə heç bir ifadəyə rast gəlinməyib. Artıq 6-cı aydır ki, həbsdəyəm. Mənə qarşı sürülən ittiham sübuta yetirilməyib. Şikayətçi Gülər Əhmədova istintaqa izahat vermir və mənimlə üzləşməkdən imtina edir. Daha sonra mənə qarşı daha iki ittiham – məhkəmə qərarlarını icra etməkdən imtina və vergidən yayıma ittihamları irəli sürüldü. Lakin bu ittihamlarda öz təsdiqini tapmır.

Hörmətli Yayım Birliyinin üzvləri! 23 yanvar 2012-ci il tarixində Nərimanov Rayon Məhkəməsində “Baltika-Bakı” MMC-nin iddiası əsasında 50 min manat məbləğində cərimələnmişəm. Məhkəmənin keçirilməsi barədə mənə, vəkilimə və “Xural” qəzetinin redaksiyasına heç bir məlumat verilməyib. Gizli şəkildə keçirilən məhkəmə prosesində hüquqlarım növbəti dəfə ciddi şəkildə pozulub. Məhkəmənin keçirilməsi barədə vəkilimə məlumat 20 gün sonra verilib. Qeyd edim ki, rəhbərlik etdiyim qəzetdə “Baltika-Bakı” MMC –də baş verən istehsal pozuntuları barədə məqalələr dərc edilib. Məqalələrdə göstərilən faktlar digər məhkəmə proseslərində təsdiqini tapıb. Eyni zamanda şirkətin əməkdaşlarının şikayət ərizəsini qəzetimizdə dərc etmişik. Hesab edirəm ki, “Baltika Bakı” MMC Azərbaycanın siyasi hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin sifarişi əsasında mənə qarşı iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsi isə siyasi sifariş əsasında qanunsuz məhkəmə prosesi keçirib və ədalətsiz qərar qəbul edib.

Hörmətli yayım birliyinin üzvləri! Qeyd edim ki, “Baltıka-Bakı” MMC “Xırdalan” markalı pivələr istehsal edir. Şirkət bu il Bakıda keçiriləcək “Avrovizyon” mahnı müsabiqəsinin rəsmi sponsorlarından biridir. Hesab edirəm ki, avtoritar rejimin əlində, azad sözə qarşı alətə çevrilən bir şirkət Avropanın yüksək mədəniyyətini tərənnüm etdirən nüfuzlu beynəlxalq yarışmaya sponsorluq edə bilməz.

Hörməti Avropa Yayım Birliyinin üzvləri! Sizdən xahiş edirəm ki, Azərbaycanda söz, mətbuat və fundamental insan azadlıqlarının müdafiəsi naminə avtoritar rejimin alətinə çevrilən “Baltika Bakı” MMC-nin “Avrovizyon” mahnı müsabiqəsinə sponsorluq etməsinə imkan verməyəsiniz. Eyni zamanda sizdən xahiş edirəm ki, Azərbaycanda olan vicdan və siyasi məhbusların, eləcədə həbsdə olan jurnalistlərin azad edilməsi üçün Azərbaycan hakimiyyətinə çağırış edəsiniz.

Hörmətlə, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı.

Kürdaxanı zindanı

Əlaqəli məqalələr

2 şərh

  1. SEVGİLİ EVEZ ZEYNALLI,YERDEN GÖYE KADAR HAKLISINIZ. İNŞALLAH BU ADALETSİZLİK VE ALÇAKLIK YAKINDA SONA ERECEKTİR.SON MAKALEM.ev yıkıcılardada bu hususa deyinmiştim herhalde MELEHAT KIZIMIZ SİZE BU YAZIMI GÖSTERMİŞTİR.UNUTMA,TANRI BİZİMLE BERABERDİR.SİZ,AZERBAYCANDA VE DÜNYADA ARTIK HÜRRİYET KAHRAMANISINIZ.GÖZLERİNDEN ÖPÜYORUM.PROF DR. YAHYA TAŞDELEN. ANKARA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button