
Yenə atəşkəs pozulub, hər iki tərəfdən itki var
Yayımlandı: 11 Aprel 2023 18:02
MN: “Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb”
Aprelin 11-də Ermənistan Azərbaycan silahlı qüvvələri arasında atəşkəs pozulub. Hər iki tərəf itki verib.
Ermənistan Müdafiə Nazirliyi bu barədə ilk məlumat yayaraq bildirib ki, hadisə saat 16 radələrində baş verib.
“Ermənistan Silahlı Qüvvələrinin Teq icması istiqamətində mühəndis işləri aparan hərbi qulluqçularına Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəş açılıb. Ermənistan tərəfi cavab addımlarına əl atıb”.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub:
“Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür”.
İlkin məlumata görə, Ermənistan tərəfin də itkisi və yarallıları var.
Tərəflər yaralı və itki sayı barədə məlumat verməyib.
2020-ci ilin sentyabrında Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsi yaşanıb. Həmin il noyabrın 10-da üçtərəfli (Ermənistan, Azərbaycan və Rusiya arasında) atəşkəs sənədi imzalanıb.
Atəşkəs razılaşmasından bu yana dəfələrlə tərəflər arasında atışmalar və kiçik çaplı döyüşlər olub. Həmin silahlı toqquşmalarda hər iki tərəf yüzlərlə itki verib.
Ermənistan və Azərbaycan daim açıqlamalarında atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırıb.



