Bu gün Ədliyyə Nazirliyinin Baş Tibb idarəsinin əməkdaşları Bəxtiyar Hacıyevlə görüşə gedib.
Bu haqda “Müdafiə Xətti” İnsan Hüquqları Müdafiə Təşkilatının həmtəsisçisi Rüfət Səfərov öz facebook səhifəsində yazıb. O bildirib ki, dekabrın 27-i ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasının 13-cü günüdür. Artlq onun sağlamlığında kritik anlar yaşanmaq üzrədir. Bu barədə Bəxtiyar Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib. Bəxtiyar Hacıyev vəkillə görüşdə qeyd edib ki, ötən gecə saat 3-də sağ qolunda keyləşmə əlamətləri müşahidə olunub. Qanda şəkərin miqdarı koma vəziyyətinə düşmə həddinə kimi azalıb. Qan təzyiqi də kəskin aşağı düşüb.
Vəkil Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Bəxtiyar Hacıyevlə görüşə gəldikləri barədə də bildirib: “Günün ikinci yarısında Bəxtiyar Hacıyevin digər vəkillərindən biri onunla görüşəcək, yəqin bu barədə ətraflı məlumat verər”.
Bəxtiyar Hacıyev Tofiq Yaqublunun ona görə təşkil olunmuş aksiyada inzibati həbs olunmasına da təəssüfləndiyinini bildirərək cəmiyyəti Yaqublunu müdafiə etməyə çağrış edib.
Qeyd edək ki, bu il dekabrın 9-da Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. Vəkil Aqil Layıc jurnalistlərə bildirib ki, Bəxtiyar Hacıyevin həbs olunması üçün heç bir prosessual əsas olmayıb: “İstintaq tərəfi vəsatətlə təqdimatı müdafiə elədi. Biz ortaya əks arqumentlər qoyduq. Bəxtiyar Hacıyevin haqqında həbs seçilməsi üçün heç bir porsessual əsas olmadığı halda hakim ən son variant olaraq həbs qətiimkan tədbiri seçib. Halbuki, bu belə olmalı deyildi.”
Vəkillərin Xətai rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti təmin olunmadığı gündən ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasına başlayıb, sağlamlığında ciddi fəsadların yaranmasına baxmayaraq, o aclığı bu gün də davam etdirir.