
Azərbaycanla Ermənistandan videolarla bağlı qarşılıqlı ittihamlar
Oktyabrın 2-də sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi və meyitlərin təhqir olunduğu iddia edilən videolar yayılıb.
Bu videoların birində Ermənistan əsgərlərinin hərbi postunu tutan Azərbaycan əsgərlərinin onları güllələdiyi iddia edilir.
Elə eyni vaxtda yayılan digər videoda isə hərbi və mülki formada bir neçə meyit təhqir olunur. Bu meyitlərin Azərbaycan əsgər və mülki şəxslərə aid olduğu vurğulanır və iddia edilir ki, təhqir edənlər Ermənistan hərbçiləri və mülki şəxsləridir.
Videoların dəqiq nə vaxt çəkildiyi qeyd edilmir, amma onların yeni olması, Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalar zamanı lentə alınması haqda ehtimallar səsləndirilir.
Artıq Ermənistanın Xarici İşlər Nazirliyi oktyabrın 2-də Azərbaycan hərbçilərini hərbi cinayətdə ittiham edən bəyanat yayıb. Bəyanatda Azərbaycanın “açıq-aşkar hərbi cinayətləri”nə aydın qiymət verilməsini tələb edir.
“Azərbaycanlı istifadəçilər tərəfindən ardıcıl olaraq sosial şəbəkələrdə yayılan bir sıra videoçarxlar Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətləri – erməni hərbi əsirlərin məhkəməsiz qətlə yetirilməsi, erməni hərbçilərin, o cümlədən qadınların işgəncələrə məruz qalması, cəsədlərin təhqir olunmasından xəbər verir”, – Ermənistan XİN-in bəyanatda deyilir.
Qurum bu hərəkətlərə dəqiq qiymət verilməsini, beynəlxalq təhqiqat aparılmasını, beynəlxalq ictimaiyyətdən Azərbaycana təzyiqi gücləndirməyi tələb edir.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu bəyanatı “onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsi” adlandırıb.
Nazirlik həmçinin bildirir ki, hələ sentyabrın 17-də Azərbaycanın Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, həmin görüntülərdəki hərbi qulluqçuların müəyyən edilməsi ilə bağlı araşdırmalara başladığını bəyan edib.
XİN Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməyi tələb edir.
Ermənistan Xarici İşlər Nazirliyinin söz açdığı video görüntülərlə bağlı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar münasibət bildirib:
“Əgər videonun həqiqi olduğu sübut olunarsa, bu, araşdırılmalı və günahkarlar cəzalandırılmalı olan hərbi cinayətdir”, – Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.
Sentyabrın 12-13-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma olub. Tərəflər bir- birini atəşkəsin pozulmasında ittiham edib. Azərbaycan 79, Ermənistan azı 207 hərbçisini itirdiyini açıqlayıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb.
2-ci Qarabağ müharibəsi vaxtı tərəflər bir-birini əsirlərlə pis rəftarda ittiham edib. O zaman Baş Prokurorluq bu cür əməllərdə əli olan şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan edib.



