
Bolqarıstanda Borisovun partiyası seçkidə önə çıxır
Vasilyev deyib ki, GERB və Hüquqlar və Azadlıqlar uğrunda Hərəkat (DPS) ölkə siyasətində “korrupsiya simvoludurlar
Bolqarıstanda vaxtından əvvəl parlament seçkisinin ilkin nəticələri keçmiş baş nazir Boyko Borisovun sağ mərkəzçi Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda (GERB) partiyasının daha çox səs yığdığını göstərir. Bu, Avropa İttifaqının ən yoxsul üzvündə son 18 ayda dördüncü seçkidir.
Oktyabrın 3-də bülletenlərin 99 faizi sayılandan sonra GERB-in səslərin 25.4 faizini yığdığı açıqlanıb. Keçmiş Baş nazir Kiril Petkovun mərkəzçi Dəyişiklik uğrunda Davam Edirik partiyası 20.2 faizlə ikinci olub. Bu partiya korrupsiyaya qarşı mübarizə apardığını bildirir.
Yekun nəticələr oktyabrın 5-nə gözlənir.
2 oktyabr seçkilərinə seçicilərin 30 faizə yaxını gedib.
Petkov və PP partiyasının həmsədri, keçmiş maliyyə naziri Assen Vasilyev uduzduqlarını etiraf edərək GERB-lə koalisiyaya getməyəcəklərini bildiriblər.
Vasilyev deyib ki, GERB və Hüquqlar və Azadlıqlar uğrunda Hərəkat (DPS) ölkə siyasətində “korrupsiya simvoludurlar”.
7 milyona yaxın əhalisi olan Bolqarıstan 2020-ci ildən siyasi çaxnaşma içindədir. Həmin il ölkədə korrupsiyaya etirazlar başlanıb. İctimai qəzəb əsasən Borisova və onun GERB partiyasına yönəlib.



