
Əvəz Zeynallıya hakim təyin olundu
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı haqqında əsassız olaraq qaldırılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva baxacaq.
Bu dəfə də qadın…
Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 19-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilir: 1. Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı daha bir maddə əlavə olunub.
2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova məhkəməyə təqdim olunmuş “dəlilləri” araşdırmadan Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmiş və bu müddət 2012-ci ilin yanvar ayının 15-də daha 3 ay müddətinə, aprelin 12-də isə daha 1 ay müddətinə uzadılıb.
Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva isə “Xural” qəzetinin vəkillərinin iştirakı olmadan Bakı-Baltika MMC-nin prezidenti Adam Tlexurayın qəzetə qarşı qaldırdığı 150 min manatlıq iddianı qismən təmin edərək, artıq nəşr olunmayan qəzetin həbsdə olan baş redaktorunu 50 min manat məbləğındə cərimələndirib.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Əvəz Zeynallının susdurulması planını həyata keçirmək üçün məhz qadınların irəli verilməsi də yuxarıların siyasəti əsasında həyata keçirilir. Çünki Ə.Zeynallının həbsində maraqlı olan qüvvələr bu prosesdə onun milli-mənəvi dəyərlərə hörmətlə yanaşdığını da hesablayıblar.
Vəkil E.Sadığov Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib. Baş redaktor ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.
Hazırda dünyanın ən nüfuzlu jurnalist və insan haqlarının müdafiəsi təşkilatları Ə.Zeynalının həbsini pisləyir və bunu Azərbaycanda müstəqil mətbuata və azad sözə edilən təzyiq kimi qiymətləndirir.
XuralTAC




