Əvəz Zeynallının məhkəməsi başlayır

07.05.2012
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı haqqında əsassız olaraq qaldırılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva baxacaq. Hazırlıq iclası mayın 14-də saat 12.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 19-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın əsassız şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “faktlar”da özünü doğrultmayıb. Ə.Zeynallı dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsə də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilib – Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı CM-nin 213-cü maddəsi əlavə olunub.
Vəkil E.Sadığov Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib. Baş redaktor ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.
Hazırda dünyanın ən nüfuzlu jurnalist və insan haqlarının müdafiəsi təşkilatları Ə.Zeynalının həbsini pisləyir və bunu Azərbaycanda müstəqil mətbuata və azad sözə edilən təzyiq kimi qiymətləndirir.
XuralTAC



