
Əvəz Zeynallının istintaq işi başa çatdı
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Bakı İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya istintaqın bitməsini elan edib. Ə.Zeynallıdan yekun ifadə alınıb. Aprelin 16-dan Ə.Zeynallı istintaq materialları ilə tanış olmağa başlayacaq və sürətlə yekunlaşdırmağa çalışacaq. Vəkil Elçin Sadıqovun sözlərinə görə, Ə.Zeynallıya qarşı indiyədək irəli sürülən 311-ci maddədən əlavə AR CM-nin 306 və 213 cü maddələrilə bağlı ittihamlar oxunub: “Mümkündür ki, Ə.Zeynallı və vəkillər istintaq materialları ilə tanış olduqdan sonra iş məhkəməyə təhvil verilsin “
Xatırladaq ki, Ədliyyə Nazirliyi Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında CM-nin 306-cı maddəsi ilə cinayət işi açmışdı. Ə.Zeynallı haqda həbsqətimkan tədbirinin müddəti bu ilin yanvar ayında uzadılandan sonra KQMİ istintaq işinə Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı CM-nin 213-cü maddəsini də əlavə edib.
Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilir: 1. Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı daha bir maddə əlavə olunub. Vəkil E.Sadığov Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib.
Baş redaktor isə ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.
Hazırda dünyanın ən nüfuzlu jurnalist və insan haqlarının müdafiəsi təşkilatları Ə.Zeynalının həbsini pisləyir və bunu Azərbaycanda müstəqil mətbuata və azad sözə edilən təzyiq kimi qiymətləndirir.
XuralTAC




