Əvəz Zeynallının həyat yoldaşı Human Rights Watch təşkilatına müsahibə verdi

16.04.2012

Aprelin 15-də beynəlxalq Human Rights Watch – İnsan Haqlarının Müdafiəsi təşkilatının icraçı direktorunun müavini, xanım  Carroll Bogert hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ailəsilə görüşüb və xanımı Məlahət Zeynallıdan təşkilatın Azərbaycanla bağlı hazırladığı film üçün müsahibə götürüb.  

Müsahibə zamanı xanım C. Bugert Əvəz Zeynallının həbsi fonunda Azərbaycanda azad söz və müstəqil mətbuatın, eləcə də insan haqlarının vəziyyətilə maraqlandı. Bu ilin may ayında Azərbaycanda keçiriləcək Eurovision yarışmasının insan haqlarnın pozulmasının qarşısını almağa göstərdiyi təsirlərdən də danışıldı. M.Zeynallı təəssüflə, bütün dünyanın diqqətinin məhz Eurovizion yarışmasına görə Azərbaycana yönəldiyini dedi: “Azərbaycan Avropanın çox nüfuzlu təşkilatlarının üzvüdür və o üzvlüyə daxil olarkən üzərinə çox ciddi öhdəliklər götürüb. Bunlardan biri də insan haqları və azad mətbuatla bağlı öhdəliklərdir. Bu gün ölkədə jurnalistlərin saxta ittihamlarla həbsə atılaraq susdurulması, eləcə də siyasi dünya görüşlərinə və mitinqlərdə iştirak etdiklərinə görə müxtəlif qurama ittihamlarla məhkum olunması bu öhdəliklərin yerinə yetirilməməsindən xəbər verir. “

Xanım C. Bugertin, “Azərbaycanda bu sahədə vəziyyəti müsbət istiqamətə dəyişmək mümkündürmü”-sualına M.Zeynallı, “əlbəttə mümkündür. Sadəcə bu prezident İlham Əliyevin siyasi iradəsindən asılıdır. Əgər o daha demokratık ölkəyə rəhbərlik etmək istəsə,  Azərbaycan demokratık ölkəyə çevrilər. Lakin bu gün prezidentin azad mətbuata yardım məqsədilə yaratdığı fondun prezidenti Vüqar Səfərlinin iddiası ilə ölkənin ən müstəqil qəzetlərindən biri olan “Xural” qəzetinin əmlakı hərraca çıxarılaraq dəyər-dəyməzinə satılırsa, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu qəzetin bağlanılmasında maraqlı tərəf kimi çıxış edirsə, artıq Azərbaycanda demokratiya və azad mətbuatdan söhbət belə gedə bilməz.”

Daha sonra “Xural” qəzetini əsassız ittihamlarla məhkəməyə verən və heç bir araşdırılma aparılmadan artıq dərci dayandırılan və baş redaktoru həbsdə olan bir qəzeti 50 min manat dəyərində cərimələdən “Xırdalan-Pivə”nin (Bakı-Baltika MMC) “Eurovision 2012 ” musiqi yarışmasına sponsorluq etməsi məsələsinə də toxunuldu. Qeyd olundu ki, Əvəz Zeynallı bu məsələ ilə bağlı Avropa Yayım Birliyinə müraciət edib. Onun fikrincə, azad mətbuatı susdurmaq üçün vasitəyə çevrilmiş bir şırkət dünyada sülh və demokratiyanın carçısı olan Eurovision yarışmasına sponsorluq edə bilməz.

Söhbətin sonunda Ə.Zeynallının bu ayın sonunadək məhkəmə proseslərinin başlayacağının və prosesdə beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakının əhəmiyyətliliyi qeyd olundu. “O zaman məhkəmələrin nə dərəcədə ədalətli qərar verəcəyi dünyanın gözü qarşısında olacaq” -deyə M.Zeynallı bildirdi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button