Əvəz Zeynallı həqiqətləri – IV HİSSƏ

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra,  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında  Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.

 IV HİSSƏ 

“Deyəsən, Gülər səsimi yazmağa gəlmişdi…”

Zatən həmkarlarım Gülərin verilən anonsla bağlı yanıma gəldiyini bilirdilər. Beləcə, Güləri birtəhər başımdan edib redaksiyadan çıxarandan təxminən beş dəqiqə sonra ən azı beş nəfərə onun səsimi yazmasından və məni şantaj etməyə gəldiyindən bəhs etdim. Bir, ya iki gün keçmədi ki, mənə informasiya daxil oldu ki, mənim ətrafımda ciddi oyunlar hazırlanır. Mənə konkret məlum oldu ki, bu oyunların bir parçası da Gülərdi. Mən zatən bunu təxmin eləmişdim.

Bir həftə keçdi. Bu həftə müddətində G.Əhmədova ölkənin müxtəlif ranqlı tanınmış adamları vasitəsi ilə mənə telefon etdirir, haqqındakı yazı-xəbər, müsahibənin dərcinin dayandırılmasını xahiş edirdi. Heç kimin telefonunu götürmədim və Gülərlə görüşməməyə qərar verdim. Gülərin telefon zəngləri növbəti cümə günü yenidən başladı və mən təkcə cavab verməməklə kifayətlənmədim, eyni zamanda əməkdaşlarıma və mənə yaxın olan adamlara da Gülərdən və onun zənglərindən uzaq olmağı tapşırdım. Hamıya açıq-açıq xəbərdarlıq etdim: “Gülərdən ehtiyatlı olun. Biz hakimiyyətin qurduğu əməliyyatın içindəyik. Hər an baş verə biləcək hadisələrdən məni xəbərdar edin.” Bu qadın tam çılpaqlığı ilə başını itirmişdi. Dalbadal mənə mesajlar yazır, redaksiyaya gəlmək istədiyini bildirir, mənə qızıl dəstini verə biləcəyini söyləyir, avtomobilinin sənədlərini girov qoyacağını, özünün danışıb özünün müəyyənləşdirdiyi hansısa məbləğ pulu mənə vermək üçün vaxt istəyirdi. Yeganə qərar o idi ki, bu qadına heç bir cavab verməyim və vermədim də.

Elə bu məqamda mənə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu zəng elədi. Təbii ki, onun telefonunu götürdüm. Rauf bəy Gülərin ondan xahiş elədiyini və onu qəbul etməyimi rica etdi. İlkin olaraq telefonunu götürməyimi xahiş etdi. Həmkarımın sözünü yerə salmadım və Gülərlə danışdım. Telefonu açan kimi eyni sözləri təkrar etdi və yenə Güləri birtəhər yola verəsi oldum. “Xural”ın gündəlik nəşrə hazırlaşdığı məqamda informasiya aldım ki, Əli Həsənov Ramiz Mehdiyevin xeyir-duası ilə Gülərdən və onun yazdırdığı səsimdən istifadə planları qurub. Zatən KİVDF və MŞ artıq “Xural”a hücuma keçmişdi. Vüqar Səfərli 5.000 manatı icraya yönəltmiş, MŞ “Xural”ı “qara siyahı”ya salmışdı. Mən hər zaman Əli Həsənovun planlarını alt-üst etmişəm. İndi də etdim və sentyabrın 18-də Gülərin məni şantaj etdiyini cəmiyyətə açıqladım.

Gülər Əhmədova şantaj edir!

Həbsimdən düz 42 gün əvvəl Gülərin yanıma gəldiyini, məni pul verməklə şantaj etdiyini, hakimiyyətin məni Gülər vasitəsilə həbs eləmək planlarının olduğunu açıqladım. Həm “Xural”, həm də “Azadlıq” qəzetlərində bu məsələ ilə bağlı açıqlamam, müsahibəm yayımlandı və çox keçmədən Əli Həsənovun himayəsində olan “Olaylar” qəzeti və eyniadlı agentliyi Gülərin mənə cavablarını dərc etdi. Gülər mənim yanıma gəlməyini sərt bir dillə inkar etdi. Hətta G.Əhmədova mənim psixoloqa ehtiyacım olduğunu bildirdi (Mən çox sonra Gülərlə Elşad Abdullayevin videoçarx məsələsindən öyrəndim ki, o, həm də BDU-da psixologiyadan dərs deyirmiş.) Prokurorluq və hüquq mühafizə orqanları KİV-də yazılan bu yazılardan sonra dərhal hərəkətə keçməli ikən, bunu etmədilər və R.Mehdiyevin şəbəkəsi beləcə məni şərləyib həbs etdirdi. Halbuki bir daha vurğulayıram, mən bu şantaj haqqında nə az, nə də çox, düz 42 gün əvvəl ictimaiyyəti məlumatlandırmışdım.

311.3.3 və 311.3.4-cü maddələr də yetmədi

KQMİ G.Əhmədovanın şəri və ərizəsi ilə, eyni zamanda saxta yolla əldə olunmuş qeyri-qanuni səs yazısını əsas götürərək məni həbs etsə və haqqımda CM-nin ən ağır maddəsi ilə cinayət işi qaldırsa da, eyni ilə 306.2-ci maddədə olduğu kimi iddianın şər-şəbədə olduğunu hamıdan gözəl özləri bilirdilər. Məni həbs etmişdilər, haqqımda 311.3.3 və 311.3.4-cü maddələrlə saxta və siyasi ittiham elan etmişdilər, amma dəqiq bilirdilər ki, bu ittiham absurddur. Və mən onları bu ittihamın altında basıb dəfn edəcəyəm. Rahat deyildilər və əlavə ittiham elan etməli idilər.

Bax,  311.3.2-ci maddə belə çıxdı

311.3.3 və 311.3.4-cü maddələrdən bir kar aşmayacağını gözəl başa düşən istintaq R.Mehdiyev və Ə.Həsənov şəbəkəsinin istəklərinə boyun əyərək həbsimdən bir həftə keçmədi ki, mənə 311.3.2-ci maddə ilə (təkrar rüşvət alma) yeni ittiham elan etdilər. 2007-2008-ci illərin ağrısı, “modelyer” göndərdikləri günlərin acısı, otağıma dinləmə qurğusu quraşdırdıqları günlərin xiffəti hələ qalmışdı. O təcrübədən çıxış edirdilər və üzümə 2007- 2008-ci illərdə, hətta daha gerilərdə, 2005-2006-cı illərdə məhkəmələrimiz olan və yekunlaşan adamlar qoyulurdu. Elə adamlar ki, mən onlarla təxminən elə 5-6 ildir ki, görüşmürəm. Bunların içində normal münasibətim olanlar da, həmkəndlilərim və uzaqdan-yaxından qohumluq münasibətlərində olduğumuz adamlar da vardı. Bu dəfə öz hesablarınca “yaxşı” işləmişdilər. Məni tanıdığım adamlar tərəfindən vururdular. Bu Əli Həsənovun həyatının ən iblisanə qərarlarından biri idi. Mən onun bəlkə də bütün həyatının ən böyük oyunu olmalı idim. Amma olmadı. Beləliklə, Akif Məmmədov, Aydın Heydərov və Sabir Tarverdiyev absurd və olmayan iddialarla üzümə qoyuldular. Guya ki, mən onlardan nə zamansa rüşvət tələb etmişəm. Nə zaman? 2006-2007-2008-ci illərdə! Bəs bu illərdə bu adamlar harada idilər?

Ramiz Mehdiyevlə Əli Həsənovun şahidləri

Mənim həbsimin əsas memarı PA rəhbəri R.Mehdiyevdir. Yalnız o məni məhkəməyə verəndən və cərimələdəndən sonra bu ssenari işə düşüb. Əsas sifarişçi də odur. R.Mehdiyevin sifarişini Əli Həsənov icra edib və onun memarı olduğu cinayət işini o “tikib”. Ona görə də zərərçəkənlər və üzəduranlar arasında tək bircə nəfər də yoxdur ki R.Mehdiyev və Əli Həsənov dəstəsindən kənar olsun. Baş zərərçəkən R.Mehdiyevin özüdür. 10.000 manat tələbi ilə “Xural”ı müsadirə etdirən, tifaqımızı dağıdan da odur. Sadəcə, Ədliyyə Nazirliyinin  açdığı cinayət işindən R.Mehdiyevin adı çıxarıldı. Çünki zərərçəkən qismində tanınsa R.Mehdiyev istintaqa ifadə verməli və məhkəmə proseslərində iştirak edib şəxsən üzümə durmalı idi. Bunu şəstinə sığışdırmadı və Azərbaycan qanunlarına hörmət eləmədi. Məni məhkəməyə verən, cərimələdən R.Mehdiyev məni öz rəhbərliyində olan idarə tərəfindən də həbs etdirdi. KQMİ birbaşa R.Mehdiyevə tabedir və məndə olan informasiyalara görə, ilk əvvəl bunu etmək istəməyiblər və deputatı başqa qurumlara göndəriblər. Sadəcə, digər hüquq mühafizə orqanları bu həbsi həyata keçirib öz reputasiyalarını korlamaq istəməyiblər. Belə olan halda bütün “zərərçəkən” və “şahid”lərin də R.Mehdiyevin adamları olması təbiidir… Elə deyilmi?

“Zərərçəkən”lərdən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Ağabəy Əsgərov birbaşa Əli Həsənovun kurasiyasındadır. Hətta 2008-ci ildəki məhkəməmiz dövründə A.Əsgərovla bütün mərhələlərdə anlaşıb barışsaq da, birbaşa A.Əsgərova telefon açan Ə.Həsənov buna maneçilik etmişdi. Yalnız bundan sonra razılaşdırılmış təkzib mətnini dərc etsək də, A.Əsgərov yenidən cığallığa başlamışdı. Vüqar Səfərlini isə ictimaiyyət o qədər Əli Həsənovun adamı bilir ki, hətta ona “Əli Həsənovun əl telefonu” deyənlər də var. Əli Həsənovla Vüqar Səfərli KİVDF-ni şirkət kimi işlədirlər. Prezidentin yaratdığı bu qurum müstəqil mətbuata kömək etməli ikən, tam korrupsiya bataqlığında boğulur. Dövlət büdcəsindən ayrılan pulun tam yarısı Vüqarla Əlinin cibinə gedir. Bizim bu haqda silsilə yazı-araşdırmalarımız olub. V.Səfərli ilə Əli Həsənovu digər ticarət sahələri də bağlayır. Onlar birlikdə ev – bina tikintisi ilə məşğul olurlar və ticari maraqları var.

Nüşabə Ələsgərli adlı müğənni də digər müğənnilər kimi bunların himayəsindədir. Onu bu işə Ə.Həsənov “Xəmsə” restoranının sahibi Mürvət Həsənlinin əli ilə qoşub.

Şahidlərə gəlincə, G.Əhmədova məsələsi artıq bütün dünyaya aydındır. Amma bütün dünyaya aydın olmamışdan mən bilir və hayqırırdım ki, bu deputat R.Mehdiyevin siyahısından təyin olunub parlamentə və onun tapşırığı ilə üzümə durub. Zaman göstərdi ki, G.Əhmədova təkcə R.Mehdiyevin dəstəsində yer almaqla kifayətlənməyib, o, həm də R.Mehdiyevin adından deputat kreslosunu satan və onların pulunu torbalara yığıb ona – R.Mehdiyevə gətirən, rüşvətdaşıyandır. Yəni Gülər R.Mehdiyevə o dərəcədə yaxın adamdır ki, onun adından ciddi dövlət vəzifələrini satışa çıxarmaq, ona qiymət qoymaq, o pulu almaq və gətirmək səlahiyyətləri var və bunu tək də eləmir. Məşhur videoda görünür ki, o, bunu R.Mehdiyevin qızı və kürəkəni ilə birlikdə edir. O da məlumdur ki, G.Əhmədova BDU-da psixologiya kafedrasında dərs deyir və R.Mehdiyevin qızı orada onun müdirəsidir. Gülərin qəzetinin və sahib olduğu informasiya resurslarının isə Mehdiyevə aid olduğunu və Əli Həsənovun kuratorluğunda fəaliyyət göstərdiyini isə deməyə ehtiyac yoxdur. Mən onun qəzetinin Mehdiyevin təsisçiliyində fəaliyyət göstərdiyini 2011-ci ilin sentyabr ayından yazmışam və həmin cədvəli məhkəməyə də təqdim etmişəm.

Yəni bu cinayət işində G.Əhmədova təsadüfi seçilmiş adama oxşamır. O birbaşa R.Mehdiyevin və Ə.Həsənovun tapşırığı ilə hərəkət edib. İstintaqın qərar verməsinə baxmayaraq Gülərin telefonuna gələn-gedən zənglərin siyahısı çıxarılmayıb. SMS məzmunları götürülməyib. Dəfələrlə vəsatətlər verməyimə baxmayaraq, məhkəmə bunu etmədi. Elə olsaydı, Gülərin R.Mehdiyev və Ə.Həsənovla bu məsələdə necə birgə fəaliyyət göstərdikləri üzə çıxa bilərdi. Nə istintaq, nə də məhkəmə buna maraqlı olmadı. Çünki həm istintaq, həm də məhkəmə R.Mehdiyevin adı çəkiləndə nəfəs almaqdan belə çəkinirlər. Hər nə işdirsə, bu ölkədə İlham Əliyevdən daha çox R.Mehdiyevdən qorxurlar və mən bu fakta mətbu fəaliyyətim dövründə də rast gəlmişdim. Bəlkə bu, həm də ona görədir ki, Gülər və bu dəstə adam oğurluğunda da ittiham olunurlar? Bu haqda hələlik bir söz deyə bilmərəm.

Hətta bəzən mənə elə gəlir ki, Gülərin mənimlə normal münasibət yaratması da xüsusi plan daxilində olub. Redaksiyaya elə qəribə adamlar gəlib və az qala onlarla niyə dostluq eləmək istəmədiyim üçün mənimlə davaya çıxanlar olub ki, biz onları “Xural”dan zorla qovmuşuq. Bizə yaxınlaşmaq, kollektivə daxil olmaq üçün çox çalışanlar olub. Hətta Ə.Həsənovun şahidlərindən biri olan Mürvət Həsənli mənim Anama zəng edib şikayət etmişdi ki, “Əvəz mənimlə niyə dostluq eləmir?” Beləcə, məlum olur ki, mənim və “Xural”ın yolunu kəsə bilməyənlər, hüquqi mübarizədə uduzan və uduzacaqlarını bəri başdan bilən hökumət səlahiyyətliləri məndən – məni şərləməklə yaxa qurtarmaq istəyiblər. Ola bilər ki, planlarında başqa variant – məni öldürmək də olub, amma hər halda məni həbs etdirməklə bu plandan imtina etdikləri görünür.

Gülərin şahidinə və şahidlərinə gəlincə, onları iki yerə ayırmaq lazımdır. Gülərin şahidləri və Gülərin yanında Əli Həsənovun şahidi. G.Əhmədovanın şahidləri oğlu Toğrul Əhmədov, rəfiqəsi Rüxsarə Axundova və işçisi Zaur Mirzədir. Bu şahidlər qanunla da yalançı şahidlərdir. Çünki adı çəkilən Toğrulu ilk dəfə məhkəmədə gördüm, Rüxsarə xanımı məhkəməyə qədər cəmi bir dəfə görmüşəm, Zaur Mirzə ilə isə bu məsələ ilə bağlı heç bir söhbətimiz olmayıb. Bu şahidləri nə istintaq, nə də məhkəmə şahid qismində tanımamalı idi. Bu haqda dəfələrlə vəsatətlər də qaldırdım. Amma görünür, yalançıya şahidlər lazım imiş.

Ə.Həsənovun Gülərin yanındakı yalançı şahidi Tənzilə Rüstəmxanlı haqqında isə ayrıca söhbət açmağa ehtiyac var.

G.Əhmədova istintaqa ifadəsində Tənzilə Rüstəmxanlını özünün yaxın rəfiqəsi adlandırsa da, T.Rüstəmxanlı məhkəmədə bunu inkar etdi və onu şahid göstərdiyi üçün hətta Güləri tənqid də etdi. Amma ibtidai istintaqa verdiyi ifadəni də təsdiq etdi. Gülərə yol göstərdiyini və mənim həbsimdə maraqlı olduğunu sübut etdi. Bəs niyə? Bu sualın cavabı R.Mehdiyev və Ə.Həsənovun dəstəsində yatır.

T.Rüstəmxanlı çoxdandır R.Mehdiyev şəbəkəsi ilə çalışır. Onun adı zaman-zaman hakimiyyətin müxalifətə yönəlik planlarında yer alıb. İndi onun Gülər Əhmədovanın şahidi kimi mənim həbsimdə maraqlı olması da Mehdiyev komandasında olmağından qaynaqlanır. Bundan başqa, T.Rüstəmxanlının Ə.Həsənovla özəl münasibətləri də var. T.Rüstəmxanlı Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva ilə rəfiqəlik edir. Sona Vəliyeva şairədir. Onun sonuncu şeirlər kitabının ön sözünün müəllifi də başqası deyil, T.Rüstəmxanlının həyat yoldaşı, xalq şairi Sabir Rüstəmxanlıdır. T.Rüstəmxanlı S.Vəliyevanın həyat yoldaşı Ə.Həsənova həsr etdiyi “Qaragilə” şeirini türkiyəli milliyətçi müğənni Əhməd Şəfəqin ifasında səsləndirib. Musiqisi Ə.Şəfəqə, sözləri isə S.Vəliyevaya aid olan “Qaragilə” mahnısına xüsusi disk çıxarılıb və bu diskin maliyyəsini T.Rüstəmxanlı verib. Türkiyədə işıq üzü görən diskin Azərbaycanda geniş təqdimatı olub. Və bundan sonra Azəri-Türk Qadınlar Cəmiyyətinin Heydər Əliyev sarayında təqdimatı olub. Təqdimatda S.Vəliyeva və Ə.Həsənov iştirak ediblər. Təqdimatdan sonra S.Vəliyeva ölkə mətbuatına müsahibə verib və “Qaragilə” şeirini həyat yoldaşı Ə.Həsənova həsr etdiyini deyib. Məhz bu hadisədən sonra isə Əhməd Şəfəq Əli Həsənovun dəstəyilə “Tərəqqi” medalına layiq görülüb. Təbii ki, bu haqda “Xural”da yazılar dərc olunub. Və bu yazıların dərcindən sonra T.Rüstəmxanlı bizdən inciyib.

Çox ciddi şübhələrim var ki, əgər G.Əhmədova ilə bu şər alınmasaydı, Ə.Həsənov bu rolu ifa etmək üçün T.Rüstəmxanlıdan istifadə edəcəkdi. Onun həm də belə işlərdə təcrübəsi var.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button