
Ərəstun Oruclu: ” Ən təhlükəli hal Azərbaycana köçürüldüyü iddia edilən PKK terror təşkilatına bağlı qeyri-azərbaycanlı xarici ölkə vətəndaşlarının olması barədə müzakirələrdir…”
Gədəbəy rayonu Söyüdlü kəndində dünən baş verən qarşıdurma ilə bağlı politoloq Ərəstun Oruclu Daxili İşlər Nazirliyinə müraciət edib. Müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə.
Gədəbəy rayonunda polis (və ya daxili qoşunlar) əməkdaşları ilə yerli əhali arasında baş vermiş qarşıdurma dərin təəssüf doğurur. Xüsusilə da polis (və ya daxili qoşunlar) əməkdaşlarından birinin heç bir müqavimət göstərməyən ağbirçək qadınların üzünə qaz püskürtməsi çox acınacaqlı səhnədir.
Hadisı yerindın yayılan videogörüntülərin öyrənilməsi və təhlili bunun bir neçə dəfə təkrarlanmasını göstərir.
Konkret halla bağlı insanların qəzəbli reaksiyası da tamamilə əsaslı və Daxili İşlər Nazirliyinin xidməti araşdırma aparmaq qərarı alqışlanandır.
Amma həmin hadisənin başqa bir aspekti ölkənin və cəmiyyətin maraqları, təhlükəsizliyi baxımından daha dərin təşviş doğurur.
Belə ki, sosial media seqmentlərində və bəzi kütləvi informasiya vasitələrində qəzəb doğuran həmin hadisə ən müxtəlif kontekstlərdə müzakirə olunur.
Bunlardan ən ciddi narahatlıq doğuranı isı həmin əməli törədənlərin ölkəyə, xalqa və onun dəyərlərinə düşmənçi münasibət göstərən hansısa yad elementlərin olması haqda çoxsaylı iddialardır.
Bu mənada ən ciddi və təhlükəli hal Azərbaycana köçürüldüyü iddia edilən PKK terror təşkilatına bağlı qeyri-azərbaycanlı xarici ölkə vətəndaşlarının olması barədə müzakirələrdir, onlar da fikrimcə əsassız deyil. Çünki belə əməli törətmək təkcə müvafiq “tərbiyə” deyil, həm də hansısa motivlərə söykənən nifrət tələb edir.
Dövlət orqanlarının əməkdaşlarına heç bir müqavimət göstərməyən ağbirçək qadinlara qarşı elə hərəkətlər təkcə Azərbaycan xalqının adət-ənənələrinə və ümumbəşəri dəyərlərə zidd deyil, həm də bütövlükdə dövlətimizə, xalqımıza və elə daxili işlər orqanlarının özünə qarşı ifrat sayğısızlıqdır.
Amma başqa bir tərəfdən də belə müzakirələrin çoxmillətli ölkə olan Azərbaycanın sabitliyi, əminamanlığı və birliyi üçün son dərəcə təhlükəli olduğunu nəzərə alaraq nazirlik rəhbərliyindən aşağıdakıları xahiş edirəm:
1. Aparılacaq xidməti təhqiqatdan sonra həmin əməli törədən şəxsin kimliyi barədə qanunvericiliyin imkan verdiyi və daxili işlər orqanlarının fəaliyyətinə xələl gətirməyəcəyi çərçivədə cəmiyyətə ətraflı məlumat verilsin;
2. Xalqa və dövlətə qarşı təhlükəli əməli törədən şəxsin və ona həmin əmri verənlərin (əgər belələri olubsa) barəsində verilən cəza tədbirləri haqda qəararlar ictimaiyyətin diqqətinə çatdırılsın.
Əminəm ki, yalnız belə sayğısız, qeyri-insani və nifrət zəminində törədilən əməllərə həm cəmiyyət, həm də dövlət olaraq operativ birmənalı reaksiya verməklə biz bu gün ölkəmiz üçün son dərəcə zəruri olan sabitliyin, təhlükəsizliyin və vətəndaş həmrəyliyinin qorunmasına nail ola bilərik.
İstənilən cavaba görə öncədən təşəkkür edirəm!”



