Əli İnsanovun köməkçisi villa və 40 kilo qızılla bağlı iddianı təkzib edir

Yayımlandı: 5 Yanvar 2023 15:18

Rəşad Abbasov yayılan məlumatı cəfəngiyyat adlandırıb

Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun müsadirə edilmiş əmlakını geri almaq üçün yaxın günlərdə apelyasiya şikayəti verəcəyi barədə məlumat yayılıb.

Xəbəri hökumətyönlü “yenisabah” saytı yayıb.

Saytın “Əli İnsanova böyük jest: 40 kilo qızılı geri qaytarılır” başlığı ilə yaydığı yazıda bildirilir ki, konstruktiv müxalifətə keçməsi qarşılığında HƏP sədrinə məhkəmə yolu ilə müsadirə edilən əmlakının geri qaytarılması vəd edilib.

Qeyd olunur ki, siyasətçiyə qaytarılması nəzərdə tutulan əmlakın siyahısına 2005-ci ilin oktyabrında evindən götürülmüş, təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızının Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villa da daxildir.

HƏP sədrinin köməkçisi Rəşad Abbasov məlumatı təkzib edib.

O, Meydan TV-yə deyib ki, yayılan məlumatın heç bir əsası yoxdur və tamamilə cəfəngiyyatdır.

Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci ilin oktyabrında həbs olunmuşdu.

2019-cu ildə həbsdən çıxan sabiq nazir hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaradıb.

Ancaq Haqq Ədalət Partiyası 2022-ci ilin noyabrın 5-də Prezident İlham Əliyevi dəstəkləmək qərarına gəlib.

Bunu HƏP sədri Əli İnsanov partiyanın İdarə Heyətinin iclasındakı çıxışı zamanı açıqlayıb və bildirib ki, Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir, partiya ona dəstək verməlidir.

Məlum qərardan sonra partiyada istefalar olub.

Haqq Ədalət Partiyasının (HƏP) sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Quliyev təşkilatdan istefa veriblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button