
Əli Həsənov nə demək istəyirdi?
Mayın 31-də hakimiyyətin baş ideoloqu Əli Həsənovun öz kəskinliyinə və tonuna görə fərqlənən çıxışı hökumətin “Eurovision 2012” müddətində çoxsaylı beynəlxalq tənqidə cavabı oldu.
Ə.Həsənovun çıxışının öz təşəbbüsü olduğunu, yalnız öz fikrini ifadə etdiyini demək çətindir. Odur ki, bu çıxışa bütün rəhbərliyin olmasa da, onun bir hissəsinin (bu mövqeni ideologiya və xarici siyasət istiqamətləri üzrə müəyyən edənlərin) mövqeyi kimi baxmaq düzgün olardı.
Sözsüz ki, burada hakimiyyətin mövqeyini özünə xas formada ifadə edən “spikerin” də şəxsiyyəti öz rolunu oynayıb. Belə ki, bir müddət öncə administrasiyanın digər nümayəndəsi Novruz Məmmədov da Qərblə bağlı narazılığını ifadə etmişdi. Lakin bu, hətta təhlükənin – ölkənin xarici siyasətinin Qərbdən digər istiqamətə yönləndirilməsi – mahiyyəti nəzərə alınmaqla kifayət qədər ölçülüb-biçilmiş formada deyilmişdi.
Belə ki, son həftələrdə ikinci yüksək vəzifəli məmurun Qərbin ünvanına tənqidi çıxışı ondan xəbər verir ki, proses təsadüfü deyil. Lakin bu cür aqressiyaya səbəb nədir? Çox güman ki Həsənovun xüsusi “istedadı” üzə çıxıb və o, çox canfəşanlıq etdiyindən bəzi ciddi səhvlərə yol verib.
Hər şeydən öncə, konseptual olaraq bu çıxış ona gətirir ki, Avropa və qərb dəyərləri primitiv bir şeydir və hamının düşündüyü kimi o qədər də yaxşı deyil. Bundan əlavə, Azərbaycanla müqayisədə Avropa bütün parametrlər üzrə çox geridədir və burada heç müqayisə ediləcək bir şey də yoxdur.
İkinci tezis ondan ibarət olub ki, Azərbaycana ümumiyyətlə Qərb lazım deyil və onlar Azərbaycandan asılıdır, Azərbaycan onlardan yox. Ona görə də “Şərq tərəfdaşlığı” və “Avropa qonşuluğu” kimi proqramlar mənasızdır və Bakıya lazım deyil.
Üçüncü tezis – Azərbaycanı idarə etməyə çalışan güc mərkəzlərinin və transmilli telekanalların iştirakı ilə qərb KİV-nin Azərbaycana qarşı “beynəlxalq qəsd”inin olmasıdır. Rəsmi Bakı “Eurovision” dövründə çoxsaylı yazıları və reportajları məhz belə qəbul edib.
Nəhayət, Həsənovun çıxışının dördüncü və ən qalmaqallı tezisi “Eurovision” günlərində çalışan Qərb jurnalistlərinə yardım edənlərə qarşı mübarizəyə səsləməkdən ibarət olub. Çıxışın tonundan aydın olur ki, Ə.Həsənov həqiqətən inanır ki, əgər yerli köməkçilər olmasaydı, xarici KİV Azərbaycanı bu qədər çox tənqid edə bilməzdi. Mən Həsənovu sadəlövh adam hesab etmirəm, lakin onun əminliyi düşünməyə vadar edir.
Beləliklə, Həsənov vəziyyətdən çıxış yolunu onda görür ki, hökumətyönlü KİV və QHT bütün cəbhə boyunca hücuma başlasın və müxalifətlçilərə hücuma keçsin. “Elə etmək lazımdır ki, onlar qorxsunlar, küçəyə çıxa bilməsinlər”.. Həsənovun onların qarşısına qoyduğu vəzifə budur.
Belə çıxır ki, vətəndaş cmiyyətinin özünə hörmət edən hər bir nümayəndəsi düşmənini özü müəyyən etməli və onun cəzalandırılması yollarını və metodunu tapmalıdır. Yoxsa fəaliyyətə dair tövsiyələrin olduğu siyahılar xunveybin dəstələrinə paylanıb artıq?
Bundan sonra bizim hakimiyyətin sevimli sözü olan – tolerantlıq sözünü işlətməyə adam utanır. Ölkədə söz və ifadə azadlığının olması barədə bəyanatları neyləyək? Bəlkə, Həsənov məhz öz çıxışını bu azadlığın nümayişi hesab edir? Bəlkə, Azərbaycan bu azadlıqlardan və öz beynəlxalq öhdəliklərindən tamamilə əl çəkir ?
Ancaq hələlik belə bir şey yoxdur. Yoxdursa, deməli, Həsənovun sözlərinə rəsmi reaksiya da yoxdur. Sonrası necə olsun, kimə inanmalı – rəsmi xarici siyasətə, beynəlxalq sənədlərə yoxsa Həsənova? Zənnimcə, hökumət üzvləri də daxil olmaqla, heç kim bu sualın cavabını bilmir.
Lakin hakimiyyətin taktikasını və xarakterini bilərək belə güman etmək olar ki, yaxın vaxtlarda müxalifət jurnalistlərinin və vətəndaş cəmiyyəti fəallarının şəxsi həyatına dair yeni “ifşaedici” faktlar gözlənilir .
CONTACT




