
Ziya Məmmədovun xarab “London taksiləri”
“Xural”ın reportyorları dövlət büdcəsindən daha bir milyonluq yeyinti faktı aşkarladı…
Bir neçə aydır Bakı küçələrində “Londontaksiləri” adlanan yeni bənövşəyi rəngli taksilər dolaşır. London taksilərinin aparıcı istehsalçısı olan “Marganese Bronze Holdings PLC” şirkəti ilə bağlanmış müqavilə çərçivəsində ilkin olaraq 100 ədəd TX4 markalı taksi gətirilsə də, bir neçə gün öncə Nəqliyyat Nazirliyinin rəsmiləri daha 200 ədəd “London taksisi”nin alındığı barədə məlumat verdilər. Bununla da «Baku Taxi Company» şirkətinin xətti ilə gətirilən yeni taksilərin sayı 300-ə çatıb. Bu ilin sonunadək daha 700 ədəd taksinin gətirilməsi nəzərdə tutulur. Ümimilikdə isə 3500 taksi alınması planlaşdırılır. Bu taksilər şəhərin müxtəlif yerlərində – əsasən, şəhərin mərkəz hissəsində – Kukla Teatrının, metronun “Sahil” stansiyasının, Nəsimi heykəlinin, “Park Bulvar”ın qarşısında və bundan əlavə, öncədən təyin olunmuş dayanacaqlarda dayanırlar.
27 milyon dollarlıq sifariş
Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyinin elan etdiyi “Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi” proqramı çərçivəsində yeni “Baku Taxi Company” şirkəti yaradılıb. “Manganese Bronze Hildings PLC” və Çinin avtomobil istehsalçısı “Geely Automobile Holdings Limited”in birgə müəssisəsi “Shanghai LTI” şirkətinin bu taksilərin 2011-ci ildə Bakıya tədarükü üzrə sazişLondonşirkəti üçün ən iri müqavilədir və 27 milyon dollara yaxın məbləğlə qiymətləındirilir. Bu avtomobillər “London taksiləri” adlandırılsa da, İngiltərə texnologiyası əsasında Çində istehsal olunub. Bu il iyunun 15-dən istismara verilən taksiləri taksi dayanacağına zəng etməklə də sifariş etmək mümkündür. Hər bir şəhər sakini bunun üçün “*9000” nömrəsinə zəng etməklə onların xidmətindən istifadə edə bilər. Taksilərin qiymətinə gəlincə, rəsmi rəqəmlərə görə, 10 kilometr məsafəyə qədər tarif 0,7 manatdır. 10 kilometrdən 20 kilometrədək bir kilometr üçün 0,4 manat, 20 kilometrdən yuxarı məsafəyə bir kilometr üçün 0,2 manat təşkil edir.
Qeyd edək ki, ilk 100 taksi gətirilən zaman bu, ictimaiyyətə böyük yenilik kimi təqdim olunmuş, ölkə başçısı İlham Əliyev taksilərə baxış keçirmiş, hətta ilk dəfə sükanda əyləşərək sınaqdan çıxarmışdı. Bu barədə hazırlanan reportajlar həftəboyu televiziyalarımızın efirini bəzəmiş və yuxarıda da qeyd etdiyimiz kimi,
“Azərbaycanda analoqu olmayan inkişafın təzahürü”
kimi qiymətləndirilmişdi. Xatırladaq ki, «Baku Taxi Company» Nəqliyyat Nazirliynə tabe qurum olduğu üçün bu sahə də Ziya Məmmədovun biznes sahəsinə aiddir. Bu qurum sistem olaraq biznesə meylli olduğundan, deyəsən, bu biznes növünü də inhisarlaşdırmaqdadır. Bəs görəsən, “Londontaksiləri” həqiqəqtənmi yeniliklərlə doludur? Bu biznesdə qazanan kim, uduzan kim? Elə bu suallara cavab tapmaq üçün də gündəlik nəqliyyat vasitəmiz olan metro və marşrutdan yox, “yenilik nümunəsi” olan “Londontaksisi”ndən istifadə etməklə “Xural”ın redaksiyasına gəldim. Beləliklə, marşrutumuz “Sahil” metrosu-“Xural” qəzetinin redaksiyasıdır, yəni “Montin” kimi tanınan ərazi.
“Sahil” metrosunun çıxışında maşınında əyləşib sərnişin gözləyən taksi sürücüsünə yaxınlaşıb gedəcəyim ünvanı söylədim və dədə-baba qaydası ilə qiymət çürütmək üçün məbləği soruşdum. Bir anlıq duruxan ağsaqqal – uzun illərin taksi sürücüsü də az qala qiymət deyəcəkdi ki, birdən fikrini dəyişərək,
“Sayğac var, nə yazacaq, qiymət də o olacaq”
– dedi. “Bəlkə heç sayğacı açmayasınız, ağsaqqal, elə köhnə qayda ilə qiymətləşib gedək” təklifimi də müsbət cavablandırmayan sürücü konkret cavab verdi ki, olmaz, icazə yoxdur. Sakitcə qapını açıb arxada əyləşdim. Adətən biz taksidə ön oturacaqda – sürücünün yanında əyləşməyə adət etsək də, bu maşında ön oturacaq ümumiyyətlə, yoxdur. Həmin hissə yük üçün nəzərdə tutulub. Salonun arxa hissəsində isə 3 nəfərlik ənənəvi oturacaqla yanaşı, arxası sürücüyə tərəf qoyulmuş 2 yığılıb-açılan oturacaq da yerləşdirilib. Bu da salonda 5 nəfərin əyləşməsinə imkan verir. Şəffaf arakəsmə ilə avtomobilin salonu 2 hissəyə bölünüb. Bu arakəsmədə isə yalnız əl boyda yer var ki, bu yerdən də ancaq pul vermək və qalığını almaq olar. Sürücü ilə arxa salonda əyləşmiş sərnişinlərin ünsiyyəti isə yalnız mikrofon vasitəsilə mümkündür. Digər avtomobillərdən fərqli bir cəhət də var ki, bu taksiyə əlil arabasında olan şəxslərin də rahat minib-düşməsi üçün xüsusi yer var.
Əyləşib qapını örtən kimi, dərhal sayğaca baxdım. Artıq 1 manat göstərirdi. “Axı hələ yeriimizdən tərpənməmişik, nə tez bir manta yazdı” – deyə soruşdum. Sürücü sakitcə bildirdi ki, bu, “Londontaksisi”nin “yenilik”lərindəndir. Yəni əyləşib qapını bağlayan kimi artıq 1 manat borcun yaranır.
Hətta maşın yerindən tərpənmədən fikrini dəyişib taksidən düşmək istəsən, yenə də o 1 manatı ödəməyə borclusan. Bax, buna deyərəm yenilik…
Tıxacda qaldığın hər dəqiqə üçün 5 qəpik
Hələ bu harasıdır, əgər günün xüsusi sıxlıq olan vaxtlarında taksiyə minmisənsə və mənzil başına çatmaq üçün getdiyin istiqamətdə “tıxac”a düşürsənsə, bu halda yenə də səndən pul çıxacaq. Sürücü deyir ki, belə olan halda kilometraj işləməsə də, sayğac vaxta görə pul yazır. Özü də nə az-nə çox, hər dəqiqə üçün 5 qəpik. Yəni əgər 20 dəqiqə tıxacda qalacaqsansa, bunun üçün getdiyin yolun məsafəsindən asılı olmayaraq, əlavə 1 manat da pul ödəməlisən.
Yolboyu sürücüyə verdiyim müxtəlif suallardan məlum oldu ki, əvvəllər də taksi sürücüsü olmuş ağsaqqal artıq öz maşınını həyətində saxlayıb və “zamanla ayaqlaşaraq” “London taksisi”ndə işləməyə başlayıb. Bunun üçün isə 500 manat depozit qoyub. Həmin depozit «Baku Taxi Company»yə ödənilir və sürücü işdən çıxmaq istəsə, ona qaytarılmalıdır. Ancaq o şərtlə ki, maşın ona verilən qaydada qaytarılsın. Ancaq sürücünün sözlərindən belə çıxdı ki, bu depozit qaytarılan deyil. Çünki işlənən maşının təhvil alındığı vəziyyətdə qaytarılması mümkün deyil. Maşının rahatlığına gəlincə, “Lexus”, “Range Rover” və s. bu kimi bahalı avtomobillərdə gəzənləri deyə bilmərəm, amma mənim kimi üçqapılı uzun avtobuslarda və Tağı müəllimin 15 qəpiklik metrosunda hərəkət edən insanlar üçün kifayət qədər rahat maşın təsiri bağışlasa da, digər taksilərdən o qədər də fərqlənmir. Sürücüdən maşının keyfiyyətini soruşdum. Dodaqucu “pis deyil” deyə mızıldansa da, maraqlı bir faktın üstünü açdı:
“İlk gətirilən 100 avtomobilin hamısının “most”unda səs var
İndi xaricdən mütəxəssis gətiriblər, yavaş-yavaş hamısında defekti aradan qaldırırlar. Amma hələ mənə növbə çatmayıb” – deyən sürücü onu da bildirdi ki, hələlik başqa problemlə rastlaşmayıb. Yəni hələlik narazılığı yoxdur.
Maraqlı bir məqam da ondan ibarətdir ki, maşında yük hissəsi, yük yeri üçün nəzərdə tutulmuş hissə yoxdur. Buna görə də sərnişinin əyləşdiyi oturacaq birbaşa avtomobilin arxa korpusuna söykənir. Təhlükəli olan isə odur ki, avtomobilə hər hansı bir qəza nəticəsində arxadan zərbə dəyərsə, bu zərbə sərnişinin həyatı üçün ciddi təhlükə yarada bilər. Qeyd edək ki, bir müddət əvvəl belə bir hadisə baş vermiş və arxadan digər avtomobilin vurması nəticəsində, sərnişinin onurğa sütunu qırılmışdı. Belə bir təhlükənin mövcudluğu barədə sürücüyə sual ünvanlasam da, o, sürücünün də, sərnişinlərin sığortalandığını bilrdi. Sığortanın məbləği haqqında isə məlumatlı deyildi. Sürücünü əsas narazı salan məqam isə hər gün üçün 50 manat plan ödəməsidir. Bu məbləği çox hesab edən sürücü deyir ki, planı çıxarmaq və çörəkpulu əldə etmək üçün çox zaman günün 14-15 saatını işləməli olurlar. Xüsusi bir qadağa da var ki, “Londontaksiləri” ilə yalnız Bakı şəhəri ərazisində müştəri aparmaq olar. Digər rayon və şəhərlərə, hətta artıq Bakı ilə demək olar ki, birləşmiş Sumqayıta da müştəri aparmaq olmaz…
Beləliklə, söhbətləşə-söhbətləşə gəlib mənzil başına çatdım.
Bayaqdan başım söhbətə qarışdığından sayğaca çox diqqət etməmişdim. Bir az da çəkinə-çəkinə sayğaca nəzər saldım. Dedim, birdən çox yazar, baş redaktorun reportaj üçün ayırdığı məbləğ yetməz ödəməyə. Amma şükür, sayğacda 5,06 manat göstərirdi Müşahidə etdiklərimiz və söhbət əsnasında öyrəndiklərimizdən isə o məlum oldu ki, əslində, heç bir fövqəladə üstünlüyə malik olmayan və sərnişin üçün əhəmiyyət kəsb etməyən “yenilik”lər adı ilə ölkə büdcəsindən yenə də milyonlarla dollar pul silinib. Bu isə büdcənin talan olunması ilə yanaşı sıravi vətəndaşlara da ziyan vurub. Çünki bu taksilərin gətirilməsindən sonra öz şəxsi avtomobilləri ilə taksi xidməti göstərən vətəndaşların sıxışdırılması müşahidə olunub ki, bu kimi halları dəfələrlə efirdən və mətbuat səhifələrindən izləmişik. Ən əsası isə odur ki, gələcək planda digər növ taksilərin tamamilə yığışdırılması nəzərdə tutulub. Bu isə vətəndaşların, hər yerdən əli üzülmüş şəxslərin şəxsi maşınlarını taksiyə çevirərək bir tikə çörək qazanmasını da əngəlləyəcək. Yenə də qazanan oliqarxlar, uduzan isə sadə vətəndaşlar olacaq.
“X” Araşdırma Qrupu
“Xural” qəzeti,
il 9, sayı: 044 (452), 27 sentyabr 2011



