
Zaporojye AES ərazisində partlayışlar olduğu bildirilir
Beynəlxalq Atom Enerjisi Agentliyi şənbə günü axşam və bazar günü səhər saatlarında Zaporojya Atom Elektrik Stansiyasının yaxınlığında ondan çox partlayış olduğunu bildirir.
Məlumatda kritik sistemlər üçün təhlükə olmadığı bildirilir, ölən və yaralananların olması barədə məlumat verilmir. Rusiya atəşə görə Ukraynanı günahlandırır. Müdafiə Nazirliyi bildirir ki, mərmilərdən biri təzə nüvə yanacağı olan xüsusi binanın damına düşüb.
Ukraynanın “Enerqoatom” Agentliyi isə bildirir ki, Rusiya qoşunları “5 və 6-cı enerji bloklarının işə salınması və Ukraynanın ehtiyacları üçün elektrik enerjisi istehsalının bərpası üçün zəruri olan” infrastrukturu sıradan çıxarmaq məqsədilə AES-i atəşə tutub.
Beynəlxalq Atom Enerjisi Agentliyi baş verənləri qəbuledilməz sayır. Agentlik bildirir ki, arxasında kimi dayanmasına baxmayaraq atışma dərhal dayandırılmalıdır.
“Siz odla oynayırsınız!” – deyə təşkilatın rəhbəri Rafael Qrossi açıqlamasında vurğulayıb.
Zaporojye atom elektrik stansiyası martın əvvəlində rus qoşunları tərəfindən ələ keçirilib. Ukraynanın enerji təchizatı sisteminə bağlı qalan stansiyanın ərazisi dəfələrlə atəşə tutulub ki, bu da onun işinin dayanmasına səbəb olub.
Beynəlxalq Atom Enerjisi Agentliyi Moskvanı stansiyanın ərazisini boşaltmağa və qoşunlarını oradan çıxarmağa çağırıb.



