Yaxınları Əhsən Nuruzadənin yenidən saxlandığını deyir

Oktyabrın 26-da “Müsəlman Birliyi” Hərəkatının üzvü Əhsən Nuruzadənin saxlandığı deyilir. Onu axşam saatlarında Xəzər Universitetində oxuyan qızını qarşılamaq üçün getdiyi zaman dörd nəfər mülkigeyimli şəxsin naməlum istiqamətə apardığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Bildirildiyinə görə, anası Zeynəb Nuruzadə Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə və Ombudsman Aparatına zəng edib, amma ona hələ cavab verilməyib: “Ona mülkigeyimlilər zor tətbiq edərək maşından çıxararaq özləri ilə aparıblar. Ailəsi baş verən hadisədən narahatdır. Bu il oktyabrın 5-də azadlığa çıxan Nuruzadənin zorakı saxlanılması onları narahat edib. Üstəlik, hansı idarədə olması ilə bağlı ailəsi hələ ki, heç bir xəbər ala bilməyib”.

Hələlik, bu deyilənlərə DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Nuruzadəni bundan əvvəl 2017-ci ilin oktyabrın 6-da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlamışdılar. Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. O, 2018-ci il martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum olunub. Ə.Nuruzadə ittihamı qəbul etmir və onu qurama sayırdı. O, həbs müddətini tam başa vurduqdan sonra azadlığa çıxmışdı.

Ə.Nuruzadənin üzv olduğu təşkilatın bəzi rəhbər şəxsləri də hazırda həbsdədirlər. Onlar Nardaran hadisələri zamanı həbs ediliblər. 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların məhkəməsi bir neçə qrup şəkilində olub. Həmin şəxslərə 20 ildən 10 ilə qədər həbs cəzası verilib. Həbs edilənlərin bir çoxu vaxtından əvvəl azadlığa buraxılsa da, 20 il həbs cəzası alan “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov hələ də həbsdədir. Onlar məhkəmədə heç kimi qətlə yetirmədiklərini, ittihamların əsassız olduğunu söyləmişdilər. Həmin təşkilat dövlət qeydiyyatından keçməyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button