
YA PREZİDENT!
(sayıqlamalar)
Anam haqqı,
Allah haqqı,
gediş haqqı 20 qəpikdir…
nənəm buna deyir,
bir abbası…
Cənab prezident!
Səni darıxdırıcı bu reklamdan qurtarmaq üçün,
Bu yeri aldıq…
İndi bu yerdə,
Sənə yeni villa tikməyi düşünürük.
İnsanlar bir az yemək yesinlər deyə,
Çünki
Atalar yaxşı deyib,
Harda tikinti var orda yeyinti var
Cənab prezident!
Sənin allahlıq iddian bizi sevindirir,
Əbədi olmaq arzun çox gözəldir.
İndi biz,
Allahın yadından çıxmış
milyonlar,
Səndən mərhəmət diləyə bilərik,
sən bizdən kəramətini əsirgəmə,
ya prezident…
Biz səsimizi sənə ucaltdıq,
o referendum kağızlarını
bir dua kimi quşladıq…
Ümidimizi sənə tuşladıq…
Bizə bir tikə çörək ver cənab prezident
Söz veririk,
verdiyimiz səs kimi…
İndi ancaq səndən yazacağıq
yazmasaq,
istəsən bizi,
eynən elmar et,
Eynulla et
Təki sənin eyninə olaq
Əyninə yaraşdırmasan da
Cənab prezident
Cəni gözüyaşlı qoymaq bizə yaraşmaz,
biz bir sürü kövrək
qıya bilməzdik…
Ərköyün balamıza
bir əbədiyyət nədir ki onu səndən əsərigəyək,
Prezidentlik nə mənədir ki,
Səni ondan məhrum edək
Sən bizimsən
Sən bizim əzəlimizdən yaranmış
Əbədimizsən
Əbədiyyətin mübarək!
Babam bilməyib,
Atam öyrənməyib,
Mən də özümü bilməməzliyə vuracağam.
Oğlum da bilməyəcək,
Söhbət nədən gedir,
Səs kimi söz verirəm,
Azadlıq namusumdur,
Deməyəcəyəm daha.
Daha namusa and içmək də yox,
İndi Anam haqqı,
Allah haqqı,
Gediş haqqı 20 qəpik,
Nənəm deyir bir abbası,
biz diz çöküb
səcdə edirik
namaz qılırıq indi
Allaha şükür edirik.
Səni öz yerinə seçdi deyə
Cəbrayıl dediyin
bu xalq imiş
Allahın buyurduğunu etdi
Səni seçdi
Səni öz yerinə seçdi
Ya prezident
qədəmlərin mübarək!
Ya prezident
əbədiyyətin mübarək!
Anam haqqı
Allah haqqı
Sənin haqqın
gediş haqqı 20 qəpik
Nənəm deyir bir abbası
Oxudun bitdi naməm
indi göndər mələklərini
mənə vursunlar
Əbədiyyət qapazı!
Cənab prezident
bu yerdə sizin reklamınız ola bilərdi
Amma olmadı…
30 mart 2009




