XİN Türkiyədə dağıntılar altında qalan 4 tələbədən birinin nəşinin tapıldığını deyir

Yayımlandı: 14 Fevral 2023 22:13

İndiyədək 513 nəfərin Azərbaycana təxliyə olunduğu bildirilir

Zəlzələ baş verən gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Bu açıqlamanı fevralın 14-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi yayıb.

Nazirlik zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesinin davam etdiyi vurğulayıb.

XİN bildirib ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2021-ci il təvəllüdlü Azərbaycanın vətəndaşı Vəliyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.

Ş.Vəliyev. Foto: sosial şəbəkə

“Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb”, – deyə nazirlik əlavə edib.

Şahin Vəliyev Malatyada dağıntılar altında qalan 4 tələbədən biri idi. Digər üç tələbədən hələ ki məlumat yoxdur.

Yaxınlarının verdiyi məlumata görə, Şahin Vəliyevin cənazəsinin ölkəyə gətirilməsini Azərbaycan səfirliyi üzərinə götürüb.

Xatırlatma

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 min 418-ə çatıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button