XİN başçısı: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün görüşlərə hazırıq”

Ceyhun Bayramov İran-Azərbaycan münasibətlərindən də danışıb

“Ermənistan-Azərbaycan arasında post-münaqişə dövrünə aid olan bir sıra məsələlər var. Bura nəqliyyat, kommunikasiya xətlərinin açılması məsələsi də daxildir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda yer alıb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası keçirilməyib: “Ümumilikdə bu, normal hal deyil. Dövlət sərhədlərinin müəyyənləşdirilməsinin sivil qaydaları var. Humanitar tipli məsələlər də var. Həmçinin xəritələrin təhvil verilməsi də yer alıb. Bu istiqamətdə bir çox təşəbbüslər də mövcuddur. Qonşu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik. Mövqeyimiz ədalətlidir. Beynəlxalq norma və prinsiplər əsasında biz hər zaman münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq. Təbii ki, gələcəkdə belə görüşlərin keçirilməsi istisna deyil”.

Ceyhun Bayramov İran-Azərbaycan münasibətlərindən də danışıb

“Azərbaycanın uzun illər ərzində xarici siyasətində əsas prioritetlərdən biri bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə yüksək səviyyədə dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib”.

Ceyhun Bayramovun sözlərinə görə, bir neçə ay bundan öncə iki ölkə arasında münasibətlərdə bir sıra narazılıq doğuran amillər baş verib: “Bunlar əsasən İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq avtomobillərin daxil olması ilə bağlı idi. Bununla bağlı İran tərəfinə narazılığımızı çatdırmışdıq. Ancaq buna baxmayaraq, belə hallara rast gəlinmişdi. Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki sürücünün qanunsuz olaraq ərazimizə daxil olması aşkarlanmışdı. Həmin sürücülər isə saxlanılmış, avtomobillər müsadirə edilmişdi. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlarımız davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə müsbət nəticə əldə olunub. Eyni zamanda Azərbaycan tərəfi humanist addım ataraq həmin nəqliyyat vasitələri və sürücülərini İran tərəfinə təhvil verilib. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının və həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button