
'Vaqner'çilər Baxmutda işğal etdikləri mövqeləri 'Kadırovçu'lara verir
Bir müddət əvvəl Priqojini və müdafiə nazirliyinin rəhbərliyini tənqid edən Kadırov Putinlə görüşdən sonra fikirini dəyişib
“Vagner” PMC-nin təsisçisi Yevgeni Priqojin Ukraynanın Baxmut şəhərində işğal etdiyi mövqeləri “Axmat” çeçen batalyonunun döyüşçülərinə verməyə hazır olduğu bildirir.
Bu barədə şənbə günü, mayın 6-da Priqojinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti Priqojinin mayın 10-dək “Vaqner” PMC tərəfindən işğal olunmuş Baxmutdakı mövqelərin “Axmat” batalyonuna verilməsini təmin etmək xahişi ilə Rusiyanın müdafiə naziri Sergey Şoyquya ünvanlanmış rəsmi məktubu da dərc edib.
“Vaqner”çilərin rəhbəri həmçinin iddia edir ki, guya Baxmutda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında “iki kvadrat kilometrdən bir qədər çox” ərazi var və “Axmat”ın şəhəri ələ keçirə biləcəyinə əminliyini ifadə edir.
Mayın 5-də Yevgeni Priqojin elan etdi ki, Vaqner PMC döyüşçüləri mayın 10-da Baxmutu tərk edəcəklər. Priqojin yaydığı video müraciətində bu addımı atmasını silah çatışmazlığı və müdafiə nazirliyinin onları lazımı qədər silah-sursatla təmin etməməsilə əsaslandırır.
O, Baxmutda öldürülən “Vaqner ” muzdlularının meyitləri fonunda video çəkib, onların ölümündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandırıb.
Kadırov həmin gün axşam teleqramında yazıb ki, çeçen xüsusi təyinatlı “Axmat” dəstəsinin döyüşçüləri Baxmutda mövqe tutmağa hazırdır. Dəstə ötən ilin yazında Mariupola hücumda iştirak edib.
Rusiya qoşunları ötən ilin payızından Donetsk vilayətində Baxmuta hücum edir. Şəhər hələ tam alınmayıb. Priqojin iddia edir ki, şəhər döyüşlərində yalnız “Vagner”çilər iştirak edir.
Mayın 2-də ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerika kəşfiyyatına istinadən bildirib ki, Ukraynanın şərqində son beş ay ərzində genişmiqyaslı işğalın davam etdiyi döyüşlərdə Rusiya 20 min döyüşçü itirib ki, onların yarısı “Vaqner”çilərdir.
Rusiya Müdafiə Nazirliyi isə itkilərin sayı barədə məlumat vermir.
Mart ayında Priqojinin Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etməsi səbəbindən Çeçenistan rəhbəri ilə “Vaqner” rəhbəri arasında fikir ayrılığı yaranıb.
Bundan əvvəl Kadırov özü Ukraynadakı Rusiya komandanlığını tənqid edərək, Donbassda müdafiənin uğursuzluğunu tənqid edib və Rusiya ordusunun ali hərbi rəhbərliyində kadr dəyişikliyi tələb edib.
Lakin Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Çeçenistan rəhbəri fikrini kəskin şəkildə dəyişib. Həmin gün o, özünün Telegram kanalında Müdafiə Nazirliyi və onun rəhbəri Sergey Şoyqu, eləcə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahını tərifləyərək, rus ordusunun hərbi əməliyyatların “müdrik taktikasına” sadiq qaldığını bildirib.
Lakin bir neçə həftə əvvəl Kadırov Priqojinlə növbəti görüşünü elan edib və mesajında onu “qardaş” adlandırıb.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücüm edib və müharibə hələ də davam edir.



