
Vəkil: ‘Bəxtiyar Hacıyev hədsiz zəifləyib’
Fevralın 13-də vəkil Aqil Layıc Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsində olan ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.
Vəkil Azadlıq Radiosuna bildirib ki, Hacıyevin sözlərinə görə, müalicə müəssisəsinə köçürüləndən sonra baş həkim ona məcbur sistem qoşmaq istəyib: “Bəxtiyar bundan imtina edib “.
Vəkilin vurğulamasına görə, Hacıyev qeyd edib ki, müalicə müəssisəsinə köçürülərkən, ondan müsadirə edilmiş sənədləri və telefon nömrələri qaytarılmayıb:
“Bəxtiyar həmçinin qeyd etdi ki, müalicə müəssisəsində təhlükəsizliyi çox aşağı səviyyədədir. Kim istədisə otağına daxil ola bilir, habelə otaqdan çıxdıqdan sonra otağı açıq qalır. Təhlükəsizliyinin təmin edilməsini tələb edir”.
Onun səhhəti ilə bağlı vəkil bildirib ki, Bəxtiyar Hacıyev hədsiz dərəcədə zəifləyib və özünü zorla idarə edir: “Deməsinə görə, bədənində şiddətli ağrılar var və yuxusuzluqdan əziyyət çəkir”.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və onun müalicə müəsissəsinin baş həkimindən münasibət öyrənmək mümkün olmayıb.



