Ukraynalılar da Miladı dekabrın 25-də qeyd edir

İki ilə yaxındır Rusiyanın işğalına qarşı vuruşan Ukrayna bu il ilk dəfədir Milad bayramını Rusiyadakı kimi yanvarda deyil, dekabrın 25-də qeyd etməyə başlayıb. Amma bayram günlərinə baxmayaraq, döyüşlərdə səngimə müşahidə olunmayıb.

Ukrayna prezidenti Volodimir Zelenski iyulda imzaladığı qanunla rəsmi Milad bayramını yanvarın 7-dən dekabrın 25-nə keçirib. Rusiya Pravoslav Kilsəsi bayramı yanvarda qeyd edir.

Qanunda deyilirdi ki, məqsəd Rusiya irsindən əl çəkməkdir.

Əsasən pravoslavlardan ibarət Ukrayna xristianları miladı adətən, Rusiya və digər slavyan ölkələrində olduğu kimi, yanvarın 7-də qeyd edib. Son dəyişiklik isə Ukraynada pravoslav və katoliklərin miladı eyni gündə keçirməsi deməkdir.

“Bu gün biz Miladı birlikdə bayram edirik. Bir tarixdə, bir böyük ailə, bir xalq, bir ölkə olaraq… Bu gün milyonlarla səs heç zaman olmadığı kimi bir araya gələcək”, – Zelenski ötən gecə videomüraciətində deyib.

Ölkənin cənub-şərqindəki Dnepr və Zaporojye şəhərlərində Rusiyanın əsir götürdüyü ukraynalı hərbçilərin onlarla qohumu Milad ərəfəsində ağacları sevdiklərinin adları ilə bəzəyiblər. Ukrayna hakimiyyətinin noyabrın 17-də açıqladığı informasiyaya görə, Rusiya əsirliyində azı 3 min 574 hərbçi, 763 dinc sakin var.

Dekabrın 24-də Ukrayna və Rusiya orduları bir-birlərinin hərbi təyyarələrini vurduqlarını bildirsələr də, iddiaları təsdiqlətmək mümkün olmayıb.

Ukrayna Mariupol yaxınlığında Rusiyanın Su-34 qırıcısını, Rusiya isə Ukraynanın hərbi təyyarəsini vurduğunu bildirib.

Son 24 saat ərzində Ukraynanın cənubi Xerson şəhərində Rusiya atəşindən azı dörd nəfər öldürülüb, doqquz nəfər yaralanıb. Məlumatı yerli hakimiyyət yayıb.

Ukrayna qüvvələri Xersonu ötən ilin noyabrında Rusiya işğalından azad ediblər. Ancaq Rusiya qüvvələri ərazini atəşə tutmaqda davam edir.

Bundan başqa, Kiyev ötən gecə 15 Rusiya dronundan 14-nü vurduğunu açıqlayıb. Dron hücumları nəticəsində hansısa ziyan dəydiyi, yaxud itki barədə məlumat yoxdur.

Bu arada Ukrayna hərbi arsenalı bir neçə günə çoxdan gözlənən təyyarələrlə zənginləşə bilər. Niderlandın baş naziri Mark Rutte dekabrın 22-də Zelenskiyə telefon zəngində deyib ki, Ukrayna ilin sonunadək müasir F-16 qırıcılarının ilk partiyasını ala biləcək. İlkin olaraq 18 təyyarənin Ukraynana göndəriləcəyi bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button