Ukrayna Rusiya vertolyotlarını, sursat deposunu vurduğunu deyir

Ukrayna qüvvələri iki vilayətin işğal olunmuş ərazilərində Rusiya hərbi avadanlığını raket zərbələri ilə dağıtdığını bildirir. Moskvanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krıma da yeni dron zərbəsi endirildiyi xəbər verilir. Rusiya isə Ukraynaya ölümcül raket və dron zərbələri endirməkdədir.

Baş Qərargahın oktyabrın 17-də yaydığı məlumata görə, Rusiyanın iki vertolyotu, bir sursat anbarı və bir artilleriyası vurulub. Ancaq zərbələrin gerçəkləşdiyi yerlər haqda ətraflı bilgi verilmir.

Silahlı qüvvələr bundan başqa şərqi Luqansk və cənubi Zaporojye vilayətlərinin işğal olunmuş şəhərlərində Rusiya vertolyotları və digər aerodrom avadanlığına uğurlu zərbələr endirdiyini bildirir.

Ukrayna tərəfinin iddiasını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiyanın Zaporojyenin işğal olunmuş hissəsinə təyin etdiyi Vladimir Roqov Ukraynanın zərbəsinin uğurlu olmadığını, raketlərin vurulduğunu açıqlayıb.

İşğal olunmuş Krıma Moskvanın təyin etdiyi qubernator Sergey Aksyonov deyib ki, Rusiyanın havadan müdafiə qüvvələri ötən gecə yarımadaya hücum edən səkkiz Ukrayna dronunu vurub.

Ukrayna Aksyonovun bəyanatını şərh etməyib.

Rusiya isə Donetski atəşə tutub, Pervomayskda azı iki dinc sakin həlak olub, bir nəfər yaralanıb.

Rusiya qüvvələri ötən gecə Ukraynaya bir neçə dron və raket atıb. Bu məlumatı Baş Qərargah yayıb. Bir “Kh-59” raketinin və altı “Şahid-136/131” dronunun vurulduğu bildirilir.

Bu arada şərqi Avdeyevka şəhərində, Donetskdən şimalda ağır döyüşlər gedir, Rusiya qüvvələri son günlər orada irəliləməyə çalışır. Şəhəri mühasirəyə salmağa çalışan Rusiya qüvvələrinin azı 10 hücumunun dəf olunduğu xəbər verilir.

Ukrayna qüvvələri Baxmut, Kupyansk, Maryinka istiqamətlərində də Rusiyanın hücumlarının qarşısını alıblar. Kiyevin Zaporojyedə, Melitopol səmtində əkshücumunun “qismən uğurlu” olduğu bildirilir. Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Baş Qərargah oktyabrın 16-da Rusiyanın Ukraynaya hərtərəfli hücumunun 600-cü günündə Ukrayna qüvvələrinin 53 döyüş apardığını qeyd edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button