
TÜRKƏM, RUHUMDADI TURAN!
Qopuzum, sazım danışır,
Boz qurdum hilala baxır,
Berkutum səmaya qalxır,
Dilim söz açır Tanrıdan
Türkəm, ruhumdadı Turan!
Aşqabat, Taşoğuz, Marı,
Qaraqumun obaları,
Sadlanır türk yurdarı,
Oğuz elim Türkmənistan
Türkəm, ruhumdadı Turan!
Dəşti-Qıpçağın şöhrəti,
Alpamışın rəşadəti,
Bozqırın ulu qüdrəti,
Göy bayraqlı Qazaxıstan
Türkəm, ruhumdadı Turan!
Anadoludan Balkana,
Türkiyəm dönüb xaqana,
Meydan oxuyur cahana,
Bayrağının al rəngi qan
Türkəm, ruhumdadı Turan!
İstiqlalı artıq dönməz,
Oğuz, türk eşqi heç sönməz,
Əlincəsi heç əyilməz,
Qorqud yurdu Azərbaycan
Türkəm, ruhumdadı Turan!
Cəlaləddin, Əmir Teymur,
Səmərqənd əbədi qürur,
Nəvaidən qəzəl oxur,
Karluk elim Özbəkistan
Türkəm, ruhumdadı Turan!
“Manas”ın hər sovu şirin,
Oşun dərələri dərin,
İssık-Kulun suyu sərin,
Qırğızıstan, Qırğızıstan
Türkəm, ruhumdadı Turan!
Kumık, Balkar və Qaraçay,
Steplər elidi Noqay,
Hər yandan duyulur Altay,
Yol üstündə Tatarıstan
Türkəm, ruhumdadı Turan!
Başqurd, Çuvaş, İdilboyu,
Qana hopub Qıpçaq soyu,
Kımıs dadır pınar suyu,
Muraz istəyir hilaldan
Türkəm, ruhumdadı Turan!
Altay, Tuva, Hakas eli,
Konuşur şirin türk dili,
Qarlı-buzlu Saxa seli,
Bozqurdu keçir yollardan
Türkəm, ruhumdadı Turan!
Harayda Batı Türküstan,
Od-alov qalxır Kaşqardan,
Hər qəlbdə danışır şaman,
Azadlıq! – hayqırır Sincan
Türkəm, ruhumdadı Turan!
“Xural” qəzeti,
il 9, sayı: 051 (459), 04 oktyabr 2011




