Trampın oğlu Putinə yaxın biznesmenlə gizli-gizli ova çıxdı

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp-kiçiyin Monqolustanda Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan iş adamı Umar Kremlyovla birlikdə ov səfərində olduğu üzə çıxıb. Səfər iştirakçılarının birlikdə foto çəkdirməkdən yayınması isə diqqət çəkib.

Bu barədə Britaniyanın nüfuzlu “Financial Times” (FT) qəzeti məlumat toplayıb.

Nəşr məlumatı səfəri müşayiət edən bələdçilərin, yerli məmurların açıqlamalarına, jurnalistlərin əldə etdiyi sənədlərə, uçuş məlumatlarına və sosial şəbəkə paylaşımlarına əsaslandırıb.

Araşdırmaya görə, avqustun sonunda Donald Tramp-kiçik Monqolustanın paytaxtı Ulan-Batora gəlib, daha sonra ölkənin Uvs vilayətində yerləşən ov düşərgəsinə yollanıb.

Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov isə avqustun 27-də Qazaxıstanda keçirdiyi mətbuat konfransından sonra Monqolustana gəlib. Onu ABŞ sanksiyaları altında olan “Vosxod” vençur fondu ilə əlaqəli rusiyalı sahibkar Artur Martirosov müşayiət edib.

“Financial Times”ın məlumatına görə, Kremlyov və Trampın oğlu iki gün eyni ov düşərgəsində olublar. Səfər iştirakçıları birlikdə foto çəkdirməkdən mümkün qədər yayınmağa çalışıblar.

İki gündən sonra Kremlyov boks qarşılaşmasını izləmək üçün Yakutska yollanıb. Tramp-kiçik isə Monqolustanda daha bir həftə qalaraq ölkənin digər bölgələrində ovunu davam etdirib.

Araşdırmanın ən diqqətçəkən məqamlarından biri ov zamanı nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanın öldürülməsi barədə məlumatdır.

Bələdçilərdən biri qəzetə bildirib ki, Tramp-kiçik Altay arxarı adlı nadir vəhşi qoyun növünü vurub. FT-nin məlumatına əsasən, ABŞ prezidentinin oğlu 2019-cu ildən bəri Monqolustana ov səfərləri zamanı ən azı daha iki arxar öldürüb.

Səfərdə Respublikaçılar Partiyasının uzunmüddətli maliyyə dəstəkçilərindən biri olan Kevin Smoll da iştirak edib.

Ov səfərindən sonra Tramp-kiçik Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla görüşüb. Monqolustan rəsmilərindən birinin bildirdiyinə görə, görüşdə ikitərəfli münasibətlər və biznes imkanları müzakirə olunub.

Maraqlıdır ki, sonradan həmin görüşlə bağlı paylaşım silinib.

Tramp-kiçiyin nümayəndəsi isə görüşün qeyri-rəsmi xarakter daşıdığını bildirərək tərəflərin əsasən təbiət qoynunda istirahət barədə söhbət etdiklərini söyləyib.

“Financial Times”ın araşdırması ABŞ prezidentinin oğlunun Putinlə əlaqələndirilən rusiyalı biznesmenlə eyni ov düşərgəsində olmasını ortaya qoysa da, onların hansısa siyasi və ya kommersiya razılaşması əldə etdiklərinə dair məlumat təqdim edilmir.

xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button