
Tramp Putini Ukraynadakı savaşı gərginləşdirməməyə çağırıb
Donald Tramp Rusiya prezidenti Vladimir Putinə telefon açaraq onunla Ukraynadakı savaşı müzakirə edib.
“The Washington Post”a yaxın qaynaqlar bu bilgini verib.
Tramp noyabrın 7-də Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdıqdan bir gün sonra Putinə zəng edib. O, Putinə savaşın tezliklə bitməsinə dair danışıqlarda maraqlı olduğunu deyib.
“The Washington Post”un bilgisinə görə, Ukrayna tərəfi telefon danışığından xəbərdar olub və buna etiraz etməyib.
ABŞ, Rusiya və Ukrayna rəsmiləri məsələ barədə heç bir açıqlama verməyib.
Trapmla Putin arasında telefon danışığı Rusiyanın Ukraynaya 145 dron hücumundan bir neçə saat sonraya təsadüf edib. Bu, 2022-ci ilin fevralından bugünədək Rusiyanın bir gecəyə gerçəkləşdirdiyi ən iri PUA hücumu olub.
Rusiyanın paytaxtı Moskvaya Ukraynanın da çox sayda dronla hücum etdiyi deyilir. Bu üzdən, noyabrın 10-da Moskvanın üç hava limanı fəaliyyətini bir müddət dayandırmalı olub.
Son həftələr Rusiya qoşunları Ukrayna cəbhəsində irəliləyib. Ruslar Donetsk vilayətinin şərqindəki daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.
Seçkiqabağı kampaniyasında Tramp Ukraynadakı savaşa son qoyacağını desə də, bunu necə planlaşdırdığı barədə bilgi verməyib.
O bunu da bildirib ki, Ukrayna Rusiya ilə sülh sazişini bağlamaq üçün ərazilərinin bir bölümünü güzəştə getməyə razı ola bilər. Tramp administrasiyasının Kiyevə işğal olunmuş ərazilərini hərbi yolla qaytarmağa dəstək verməyəcəyi iddia edilir.



