Tramp Baydeni istefaya çağırıb

Kabili tutmaqla Əfqanıstana nəzarəti bütünlüklə ələ alan radikal “Taliban” hərəkatı ölkədən qaçmış prezident Əşrəf Qənidən hakimiyyəti qəbul etməyəcək. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, taliblər artıq Kabildə prezident sarayı üzərində öz bayraqlarını qaldırıblar və hakimiyyətin formal olaraq ötürülməsi, islamçılardan ibarət yeni hökumətin formalaşdırılması prosesi gedir.

Mənbələr bildirirlər ki, tərəflər hakimiyyətin “dinc və məsuliyyətli ötürülməsi üçün” variantları nəzərdən keçirirlər. Bu razılaşmanı keçmiş prezident Həmid Karzay və milli barışıq üzrə ali şuranın rəhbəri Abdulla Abdulla imzalaya bilər. “Taliban” nümayəndələri deyiblər ki, onlar daha əvvəl prezident Əşrəf Qəniyə hakimiyyətin dinc yolla ötürülməsini təklif etmişdilər. “Biz təhlükəsizlik sahəsində boşluğa yol verməmək üçün hakimiyyəti dinc yolla ötürməyi təklif etmişdik, amma o qaçdı”,-“Taliban” nümayəndəsi “Al Arabiya” kanalına bildirib.

Əşrəf Qəninin hansı ölkəyə qaçdığı hələlik dəqiq məlum deyil. Qətərin paytaxtı Dohadakı əfqan nümayəndə heyətindəki mənbə “The New York Times” qəzetinə bildirib ki, Qəni həyat yoldaşı və iki müşaviri ilə birlikdə Özbəkistana gedib. Lakin TASS əfqan KİV-lərinə istinadən onun Omana getdiyini bildirir.

Qəni ölkədən niyə qaçdığını Twitter hesabında əsaslandırmağa çalışıb. “ Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”.

Əfqanıstanda baş verənlər, “Taliban”ın ABŞ qoşunlarının çəkilməsi ilə bir vaxtda ölkəyə nəzarəti ələ alması Vaşinqton siyasi dairələrində şok təsiri yaradıb. Və baş verənlər Cozef Baydenin administrasiyasının böyük uğursuzluğu kimi qiymətləndirilir. Konqresin Nümayəndələr palatasının silahlı qüvvələr komitəsinin üzvü, respublikaçı Mayk Rocers bildirib ki, baş verənlər Baydenin tarixi iflasıdır. Onun sözlərinə görə, administrasiyanı son bir neçə ayda hadisələrin necə inkişaf edəcəyi haqda xəbərdar etmişdilər. Lakin Bayden və onun vitse-prezidenti Kamala Harris ekspertlərin məsləhətlərinə qulaq asmadı.

Əlbəttə, keçmiş prezident Donald Tramp da öz rəqibini sancmaq üçün fürsəti əldən verməyib. O, bildirir ki, Baydenin Əfqanıstandakı hərəkətləri Amerikanın ən böyük məğlubiyyətlərindən biri kimi tarixə düşəcək. Trampın bəyanatını Twitter-dən onun köməkçisi Liz Harrinqton yayıb, çünki Trampın özünün bu sosial şəbəkəyə girişi bağlıdır.

“Co Baydenin Əfqanıstanla bağlı elədikləri əfsanəvidir. Bu, Amerikanın tarixinə ən böyük məğlubiyyətlərdən biri kimi düşəcək”,-Tramp bildirir.

Keçmiş prezident hesab edir ki, Bayden bu rüsvayçılığa görə istefaya getməlidir. “Onun istefası özlüyündə elə də böyük iş olmayacaq, çünki onsuz da qanunsuz seçilmişdi”,-Tramp qeyd edib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button