
Tanınmış neçə şəxs əfvə düşdü?
Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və hüquq müdafiəçisi Elçin Məmməd əfv edilib.
Bununla bağlı bu gün Prezident sərəncam imzalayıb.
Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.
Qeyd edək ki, partiya sədri Əli Əliyev 2022-ci il yanvar ayında Bakının Yasamal rayon məhkəməsində Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə-böhtanatma ittihamı ilə təqsirləndirilib.
İttihamçılar hesab ediblər ki, onun bir YouTube kanalında noyabrın 30-da baş vermiş hərbi helikopter qəzası ilə bağlı dedikləri böhtandır. Əli Əliyev bu kanaldakı çıxışında 14 hərbçinin ölməsinə, ikisinin yaralanmasına səbəb olan qəzadan sağ çıxmağın mümkünlüyünü şübhə altına alıb.
Elçin Məmməd Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, Elçin Məmmədin rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” adlı təşkilatın ofisində axtarış aparılıb.
“Cinayət işində adı keçən əşyalar guya ofisdən tapılıb. Üstəlik də doqquz ədəd patron aşkar olunub. Elçin Məmməd evə zəng vuran zaman bu əşyaların ofisə kimlərsə tərəfindən qoyulduğunu iddia edib və onun bütün bunlardan xəbərsiz olduğunu bildirib.”
Hüquq müdafiəçisi ona qarşı ittihamı Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında həmin il martın 24-də “Yüksəliş naminə” saytında dərc etdiyi hesabatla əlaqələndirib.
Maraqlıdır ki, əfv siyahısında daha çox 2021-2022-ci ildə həbs olunan vətəndaşların adları salınıb.
Gözlənildiyi kimi, sabiq millət vəkili, tanınmış bəstəkar Hüseyn Abdullayev və sabiq baş prokuror, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənov əfv sərəncamına düşməyiblər.
Kim TV youtube kanalının rəhbəri hazırda saxta ittihamlarla həbsdə olan Abid Qafarov, hüquq müdafiəçisi İlham Aslanoğlu, siyasi fəal Əlizamin Salayev, bloger Rəşad Ramazanov, “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov və adı siyasi məhbusların siyahısına daxil edilən onlarla şəxs haqlarında məhkəmə hökmünün olmasına baxmayaraq həbsdən azad edilməyiblər.
Siyahıda “OMON işi”, “Tərtər işi” və “Gəncə işi” üzrə həbs edilənlərlərin də adı yoxdur.
“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı, Səda TV youtube kanalının əməkdaşı Elnur Şükürov və İctimai fəal Bəxtiyar Hacıyev haqqında məhkəmə hökmü olmadığı üçün əfv siyahısına adları salınmayıb.
Lakin sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov əfv edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub.
Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.




