Talıbov sonunu bu cür gətirib: Onu qapısında 2 saat gözlədib

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun kitabının kim və ya kimlər tərəfindən bağlanılması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bu versiyalar arasında ən ağlabatanı Türkiyə cumhurbaşqanı Rəcəp Tayyip Erdoğanın PKK kürd terror təşkilatı qruplaşmalarının Naxçıvanda geniş imkanlara malik olması və bunun da arxasında məhz Vasif Talıbovun dayanmasıdır.
Maraqlıdır ki, bunun ardınca, Vasif Talıbovun həm İranda və həm də bir çox xarici dövlətlərdə qurduğu biznes fəaliyyəti də gündəmə gətirilsə də, ağırlıq bu versiyanın üzərində dayanmayıb. Bu gün isə, hakim dairələrə yaxın mətbu orqanlar daha zəif arqumentlə çıxış ediblər. Bildirilir ki, Vasif Talıbov Azərbaycan prezidenti istisna olunmaqla, Bakıdakı heç bir məmuru saya almayıb, onların Naxçıvana səfərinə və orda yoxlamalar aparmasına imkan verməyib.

Naxçıvan hadisələrindən bir qədər əıvvəl Mərkəzi bankın sabiq sədri Elman Rüstəmovun bütün təzyiqlərə rəğmən, Naxçıvana getdiyi bildirilir.

Bununla bağlı adının açıqlanmasını arzulamayan mənbə qeyd edir ki, V.Talıbovla mərkəzi hakimiyyət arasında körpülərin yanması 2021-ci ilin noyabr ayının 25-nə təsadüf edir:

“Həmin gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Naxçıvanda olub. O, rəhbərlik etdiyi sahəyə aid Naxçıvan üçün xarakterik olan ciddi maliyyə pozuntularını araşdırmaq, bu barədə Ali Məclis sədrini məlumatlandırmaq üçün V.Talıbovla görüşmək istəyib. Amma Naxçıvan xanı Elman Rüstəmovun bu istəyinə soyuq yanaşıb.

Vasif Talıbovun onunla görüşmək istəmədiyini anlayan Mərkəzi Bank sədri Bakıdan özü ilə apardığı şəxsi mühafizəçisi və köməkçisi ilə birlikdə Naxçıvan Ali Məclisinə üz tutub. Ali Məclis əməkdaşları E.Rüstəmovu tanısalar da, ona son dərəcə etinasız yanaşıblar. Buna baxmayaraq, V.Talıbovla görüşməkdə israr edən baş bankir 2 saat qəbul otağında gözləyib. Ona V.Talıbovun Sədərəkdə yerli istehsal müəssisəsinin açılışına getdiyini və bu gün işə qayıtmayacağı deyiləndən sonra binanı tərk etmək məcburiyyətində qalıb. Məlumatlı şəxsin sözlərinə görə, E. Rüstəmov elə həmin gün Bakıya qayıdıb”.

Mənbə E.Rüstəmovun V.Talıbovun bu hörmətsizliyini həzm etməyərək, onunla bağlı ölkənin ən yuxarı eşalonuna şikayət etdiyini bildirib. Həmin vaxt E.Rüstəmova bir qədər təmkinli olmaq və bu barədə heç kimə danışmamaq tövsiyə edilib. Mərkəzi Bank sədrinə V.Talıbovun bu əməlinə görə cəzalandırılacağı bildirilib.

Mənbə söyləyib ki, V.Talıbovun Naxçıvanda E.Rüstəmova qarşı etdiyi bu hərəkət “bardağı daşıran sonuncu damla” olub. Həmin hadisədən sonra V.Talıbova yerini göstərmək qərara alınıb.

Bu iddiaların nə qədər əsaslı olduğunu bilməsək də, aydın olan odur ki, Elman Rüstəmovun özü hakimiyyətdə o qədər də böyük nüfuza malik olmayıb. Bunu Qarabağda Mərkəzi Bankın filialının açılması ilə bağlı verdiyi təklifə dövlət başçısının sərt təpkisindən də görmək olardı. Bu baxımdan Elman Rüstəmovun bir incikliyilə Naxçıvanla bağlı sərt qərar verildiyinə inanmaq sadəlövhlük olardı. O zaman bu versiyanın ortaya atılması bir başqa versiyalara da zəmin yaradır.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button