
“Təxribat erməni korpus komandirinin əmri ilə törədilib”
“Əfsuslar olsun ki, ilk dəfə deyil bölgədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müsbət addımlar atılanda, biz Ermənistan tərəfindən törədilmiş siyasi-hərbi təxribatların şahidi oluruq”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın dünənki təxribatından danışarkən deyib.
Nazir bu hadisəni planlaşdırılmış təxribat adlandırıb: “İlkin rəylərə əsaslansaq, bunun planlaşdırılmış təxribat olduğu aydın olur. Erməni korpus komandirinin və müavininin orada olması o deməkdir ki, hadisə onların göstərişi ilə baş verib və bu, hər hansı adi hərbçinin fəaliyyəti deyil. Bu, düşünülmüş hadisədir. Ermənistan təhrikçi addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır ola bilər”.



