“Su, qaz, elektrik enerjisi qiymətlərinin artımı, ən azı, 3 illik dondurulmalıdır…”

“Mərkəzi Bank və hökumətin iqtisadi blokunun son qərarları bir sıra problemlərin daha da dərinləşməsinə şərait yaradır…”
“Eyni zamanda ölkədə investisiyaların kəskin şəkildə artımına ehtiyac var… Dünya  iqtisadiyyatında, iqtisad elmində başqa bir düstur yoxdur…”
İlin əvvəlindən bəri Azərbaycanda ərzaq və digər mallar xeyli bahalaşıb, xüsusən enerji daşıyıcılarının qiyməti, az da olsa, artırılandan  və maaş və pensiyaların artacağı haqda xəbər yayılandan sonra qiymətlərdə tədrici, qəpik-qəpik bahalaşma daha da intensivləşib. Bu da xalqın imkansız kəsimində xeyli narazılıq yaradıb. Görəsən, bu artımlar yalnız hansısa real xarici təsirlərdən və daxildəki gerçək iqtisadi zərurətdən yaranıb, yoxsa burada qeyri-adekvat iqtisadi siyasət, eləcə də inhisarçılıq, möhtəkirlik kimi subyektiv amillərin rolu da var?..
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı mülahizələrini bölüşüb.
“Azərbaycandakı iqtisadi proseslərə, o cümlədən qiymət artımına xarici iqtisadi təsirlər danılmazdır. Bunu  etiraf etmək lazımdır. O da var ki, biz inflyasiyanı idxal edirik. Faktiki olaraq idxaldan asılılıq çox yüksək səviyyədədir. Və istehlak bazarında bu idxaldan asılılığın yüksək olması bizi kəskin çağırışlarla üz-üzə qoyur.  Amma digər tərəfdən, idxaldan asılılığın yüksək olması iqtisadi siyasətdəki problemlərlə bağlıdır” – söyləyən professor ölkəmizin kifayət qədər təbii, əmək resurslarına, həm də potensial kapitalın inkişafı imkanlarına malik olduğunu diqqətə çatdırıb.
“Azərbaycan  kifayət qədər həm təbii, həm əmək resurslarına, həm də  potensial kapitalın, o cümlədən sənaye kapitalının inkişafı imkanlarına malik olan bir ölkədir. Və ölkə əhalisinin  məşğulluğunun artımı nöqteyi-nəzərindən, sosial vəziyyətin yaxşılaşdırılması baxımından, həm də yerli istehsalın formalaşması üçün kifayət qədər böyük potensial var.  Əgər biz idxaldan asılılığımızı effektiv şəkildə həyata keçirə bilsək, bununla ölkəyə inflyasıyanın idxalının qarşısının xeyli dərəcədə ala bilərik” – söyləyən iqtisadçı ekspert Mərkəzi Bank və hökumətin maliyyə və iqtisadi siyasətini tənqid edib.
“Təəssüflər olsun ki, beynəlxalq qurumların tövsiyələri ilə Mərkəzi Bank və hökumətin iqtisadi bloku son qəbul etdiyi qərarlarla, hesab edirəm ki, bir sıra problemlərin daha da dərinləşməsinə şərait yaradır. Məsələn, Mərkəzi Bank pul-kredit siyasətini bir qədər də sərtləşdirib, uçot dərəcəsini artırıb.  Bunu da başa düşdüyümüz qədər onunla əsaslandırır ki, biz inflyasiya ilə mübarizə aparırıq. Halbuki, inflyasiyanı Azərbaycana xaricdən gətirirk. Biz burada – Bakıda daxili bazar üçün uçot dərəcəsini artırmaqla inflyasiya ilə necə mübarizə apara biləcəyik? Məgər  bizdə, əhalidə, iqtisadiyyatda artıq pul kütləsi var ki, siz pul kütləsini sıxmaqla, azaltmaqla inflyasiya ilə mübarizə aparırsınız? Yəni bu gün qeyri-adekvat qərarların qəbul olunmasını, sözsüz ki, dəstəkləmirəm.  Və hesab edirəm ki, eyni zamanda ölkədə investisiyaların kəskin şəkildə artımına ehtiyac var. Bank sektoru burada öz rolunu oynamalıdır.  İqtisadiyyat investisiyaların vasitəsilə inkişaf etməlidir. Dünya  iqtisadiyyatında, iqtisad elmində bunun üçün başqa bir düstur yoxdur. Sizin ümumi iqtisadiyyatınızda investisiya azalırsa,  iqtisadiyyatda hansı artıma nail ola bilərsiz?..
Bir sözlə, hesab edirəm ki, iqtisadi sahədə kəskin  şəkildə təxirəsalınmaz tədbirlərin reallaşdırılmasına ehtiyac var.  Bir tərəfdən, yerli istehsal inkişaf etməlidir. Bunun üçün investisiyalar artırılmalıdır. Digər tərəfdən, təbii inhisarlar dondurulmalıdır. Suyun, qazın, elektrik enerjisinin qiymətlərinin artımı məsələsi ən azı 3 illik dondurulmalıdır. 3 il təbii inhisarlar sabit şəkildə işləməlidir. Və bununla biz ölkə iqtisadiyyatına investisiyaların axınına şərait yarada bilərik. Təsəvvür edin, əgər bir iş adamı sərmayə qoymaq istədiyi hər hansı bir ölkədə üç aydan sonra tariflərin hansı səviyyədə olacağını  bilmirsə, oraya investisiya yatırarmı?  Bu, reallıqdır. Ona görə də hesab edirəm ki, valyuta məzənnəsi necə sabit saxlanılırsa, tariflər də sabit saxlanılmalıdır. Və eyni zamanda ölkədə investisiyaların həcmi kəskin şəkildə artırılaraq birbaşa investisiyaların ümumi daxili məhsula nisbəti, heç olmasa, 30 faizə çatdırılmalıdır.  Əgər Azərbaycan hökuməti, Mərkəzi Bank bu hədəfləri reallaşdırsa, düşünürəm ki, dövlət başçımız tərəfindən hökumət qarşısında, bank sektoru qarşısında qoyulan problemlər xeyli dərəcədə həllini tapar”- deyə professor Elşad Məmmədov vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button