
SOCAR jurnalisti döyən əməkdaşlarını pisləyib
SOCAR prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə aprelin 18-də Sulutəpə qəsəbəsində təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən jurnalist İdrak Abbasovun döyülməsinin araşdırılması üzrə komissiya yaradılıb. Bu barədə Beynəlxalq Media Mərkəzdə keçirilən bugünki mətbuat konfransında SOCAR hüquq idarəsinin rəhbəri Eldar Orucov bildirib.
“Təqsirkarlar kim olursa olsun, cəzalandırılmalıdır”, deyə o qeyd edib.
Onun sözlərinə görə, komissiya məsələni əmək qanunvericiliyi və şirkətin nizamnaməsi çərçivəsində araşdırır. Digər aspekt (jurnalistə qarşı törədilən hərəkətlərin cinayət xarakteri) hüquq-mühafizə orqanları tərəfindən təhqiq edilir, deyə Orucov bildirib.
“Biz jurnalistin döyülməsini qətiyyətlə pisləyirik. SOCAR təqsirkarların müəyyən edilməsində və cəzalandırılmasında maraqlıdır”, deyə o qeyd edib.
Eyni zamanda, Orucov deyib ki, jurnalist Abbasov maraqlı tərəfdir, belə ki, onun və qardaşlarının Sulutəpə qəsəbəsində qanunsuz tikilmiş evləri var.
2000-ci ildən etibarən Sulutəpədə və SOCAR-ın Abşerondakı digər ərazilərində qanunsuz tikinti gedir. 2002-ci ildən bu proses kütləvi xarakter alıb.
Bəzi yerlərdə qanunsuz tikinti neft hasilatının düşməsinə təsir edib. Bundan başqa, SOCAR beynəlxalq tərəfdaşları qarşısında müqavilə öhdəliklərini yerinə yetirə bilmir.
SOCAR ərazilərində ümumilikdə 30 minə yaxın ev tikilib. 2006-cı ildən etibarən şirkət qanunsuz tikililərin söküntüsünü həyata keçirir.
15 minə yaxın məhkəmə iddiası qaldırılıb və təmin edilib, hazırda daha 7 min iddia hazırlanır.
Maraqlıdır ki, SOCAR-ın təhlükəsizlik idarəsinin rəhbəri Rəşad Əliyev Beynəlxalq Mətbuat Mərkəzində idi, lakin mətbuat nümayəndələrinin israrlı tələblərinə baxmayaraq, jurnalistlərin qarşısına çıxmayıb.
CONTACT




