
“Sevmək dedikləri”-ŞEİR
Tənha Bulud/Tamara Rüstəmova
SÖZÜMÜN İÇİNDƏ
Sözümün içində gizlənib sözüm,
Təhlükəli suda üzən gəmiyəm.
Özümün içimdə dustağam özüm,
Qınında gözləyən qılınc kimiyəm.
Dilimin ucundan asılıb sözüm,
Həyatla ölümün arasındayam.
Ürək tüğyan edir ,”sus” deyir dözüm,
Görən bu qədərin harasındayam?
Sözümün içinə sığışıb dünya,
Dağılan talelər, yıxılan evlər.
Dünyanın üzünə tuturam ayna,
Aynada əks olur dünya eybəcər.
Sözümün içində inləyir bəşər,
Gördüyüm səhnədən nitqim tutulur.
Vəhşi siyasətə qurban körpələr,
Can verən dünyaya ölü döğulur.
Sözümün içində gizlənib sözüm,
Təhlükəli suda üzən gəmiyəm.
Özümün içimdə dustağam özüm,
Qınında gözləyən qılınc kimiyəm.
YAŞAMAQ HÜNƏRDİR
Yaşamaq hünərdir bu zəmanədə,
Bir göz qırpimında ölməyə nə var.
Göz yaşı ürəyə damır, göllənir,
Gözümdən süzülsə ,silməyə nə var?
Yaşamaq hünərdir, ölməyə nə var!
İmdad yox millətin çağrışlarına,
Tuş gəlir zalımın söz daşlarına.
Aldanıb timsahın göz yaşlarına,
Onun tələsinə düşür adamlar,
Yaşamaq hünərdir, ölməyə nə var!
Evləri sökülür, iş əldən gedir,
Xəstəlik, işsizlik xalqı xar edir,
Cavan da, qoca da intihar edir,
Xalqa divan tutur haramzadalar,
Yaşamaq hünərdir, ölməyə nə var!
Ümidin sükanı çıxıb əlimdən,
Dindirmə, qan iyi gəlir dilimdən,
Üsyan tüstülənib çıxır külümdən,
Hələ cilovludur bu qasırğalar
Yaşamaq hünərdir, ölməyə nə var?!
Tənha Bulud Haqdan rəhmət dilənir,
Xalqa vüqar, qürur, qeyrət dilənir,
Zülmün qarşısında hiddət dilənir,
Ya Rəbbim, bu xalqı nicata apar!
Yaşamaq hünərdir ölməyə nə var?!
SEVMƏK DEDİKLƏRİ
İstəməzsən dırnağına daş dəyə,
Könül uçar vüsalına erməyə,
Baxışından qəlbin əsər, titrəyər
Sevmək dedikləri bu olsun gərək.
Zəbt eyləyər könlünün hər guşəsin,
Çaş salarsan fikirlərin qibləsin,
Dil tutular eşidəndə o səsi,
Sevmək dedikləri bu olsun gərək.
Aldığın nəfəslə canına hopar,
Kök salar damarda qanına hopar,
Hünərin var onu qəlbindən qopar,
Sevmək dedikləri bu olsun gərək.
Ayrılığa qərar versən də belə,
Adını ömründən silsən də belə,
Susarsan,eşqindən ölsən də belə
Sevmək dedikləri bu olsun gərək.
SİMURQ KİMİ
Bu eşq intihardır göz görə-görə,
Yanıb Simurq kimi kül olmalıyam.
Bir ölməz, əbədi eşqin yolunda,
Yenə küllərimdən doğulmalıyam.
Səbrimlə dözümüm oldu həmdəmim,
Ağır imtahandan keçməliyəm mən.
Bu dərdli günündə sənə nə deyim?
Ən doğru olanı seçməliyəm mən.
Odur öz ömrünü mənə adayan,
Sən isə ömrümü məndən alanım.
O hər gün cavabsız eşqə ağlayan,
Sən isə bəxtimə düyün salanım.
Bu eşq intihardır göz görə-görə,
Yanıb Simurq kimi kül olmalıyam.
Bir ölməz, əbədi eşqin yolunda,
Yenə küllərimdən doğulmalıyam.
Xural.com



