
ŞƏHİD AİLƏLƏRİ NİYAZİ BAYRAMOVDAN NƏ İSTƏYİR?!
Gəncə rəhbərliyindən isə hələ cavab yoxdur...

Niyazi Bayramov, Gəncə şəhər icra hakimiyyətinin başçısı
Xural.org-a Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciəti daxil olub. Müraciətdə deyilir: “Cənab Bayramov, diqqətinizə çatdırıram ki, Gəncə şəhər Şəhidlər Xiyabanında 1000-ə yaxın şəhidimiz uyuyur. Şəhid ailələri ora ziyarətə gəldikləri zaman ərazidə yağış və ya Günəş şüasından qorunmaq üçün bir yer tapmırlar. Şəhidlər Xiyabanında söhbətgahın (“Besedka”) tikilməsi ora gələn şəhid ailələrinin yağışdan qorunmaları, bir-biri ilə əlaqə qurub, dərdləşmələri və yaşlı anaların müəyyən müddət istirahətləri üçün əlverişli olardı.”
Sonda İcra hakimiyyətinin başçısından xahiş olunub ki, Şəhidlər Xiyabanında söhbətgah tikilməsinə köməklik göstərilsin.
Xural.org özəl mənbələrdən məlumat əldə edib ki, şəhid ailələri söhbətgahın öz imkanları və ya imkanlı iş adamlarının dəstəyi ilə də tikilməsinə hazır və razı olduqlarını bildiriblər. Əgər Gəncənin rəhbərliyi bu məsuliyyəti öz üzərinə götürməsə, şəhər ictimaiyyəti problemi həll etməyə qadir olduqlarını əlavə ediblər.
Xural.org məsələ ilə bağlı Gəncə şəhər icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, rəhbərlikdən kimsə telefonlara cavab vermədi.

Gəncə şəhər Şəhidlər Xiyabanı
Xural.org



