
Şəmsiyyə Bəylərqızı 4 saylı cəzaçəkmə müəssisəsinin baş həkimindən danışdı: “İmkansız məhbusları adam yerinə qoymur!”
11 ay əvvəl müxtəlif ittihamlarla azadlıqdan məhrum edilən yazar və ictimai fəal Şəmsiyyə Bəylərqızı saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsindən ölkənin İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya, yerli hüquq müdafiəçilərinə, media nümayəndələrinə və dostlarına müraciət edib.
Şəmsiyyə Bəylərqızı müraciətində bildirir ki, hazırda saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində bu ilin fevral ayının 17-dən başlayaraq səhhətində ciddi problemlər yaranıb. Şəkər xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müəssisənin baş həkiminə müayinə ilə bağlı müraciətlər edib. TSH-nın həkimi, tibb xidməti kapitanı Aliyə Fərmanovanın yazdığı müalicələrin faydası olmaq əvəzinə, səhhətini daha da pisləşdirir: Diofraqması, əl-ayağı, həmçinin ağız nahiyyəsində şişkinlik yaradır. “əgər burada məhbus həkimlər olmasaydı, çox güman ki, çoxdan ölmüşdüm!”- deyən Şəmsiyyə Bəylərqızının sözlərinə görə, bu günə qədər də onun şikayətlərinə baxılmır və səhhəti günü-gündən pisləşir. Zəruri olan təzyiq və şəkər dərmanları belə normal təyin olunmayıb: “Ürəyimdə ciddi qüsurlar var. Bu mənim hərəkət dinamikamı da ciddi şəkildə pozur. Hətta həbsimdən 3 ay əvvəl qol damarlarımda ağır əməliyyat keçirilib. Əl, qol hərəkətlərini edə bilmirəm, üzr istəyirəm başımı belə yuya bilmirəm. Bu gün də vəziyyətim gərgin pisləşməyə doğru gedir. Çox təəssüf ki, 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Fariz Abdullayevin bu gün də müəssisədə işini davam etdirən adamları mənə qarşı xüsusi tapşırıq yerinə yetirirlər. Fariz Abdullayev vaxtilə bu cəzaçəkmə müəssisəsində qadınlara qarşı etdiyi qeyri-etik, həmçinin insanlığa zidd fəaliyyətini mətbuatda işıqlandırdığım və rəhbərliyin onu işdən uzaqlaşdırdığı üçün sanki məndən qisas almağa çalışırlar. Aliyə Fərmanova da Fariz Abdullayevin dövründən qalan baş həkimdir və birmənalı olaraq bu gün də onunla əlaqələrinin olduğu söylənilir. Həkim olaraq vəzifə səlahiyyətlərini yerinə yetirmir, imkanı olmayan məhbusları adam yerinə belə qoymur… Byrada Milli Akademiyanın işçiləri, müəllimləri, həkimləri müxtəlif ittihamlarla cəza çəkirlər. Aliyə Fərmanova səhərdən axşamadək “pullu və imkanlı adamlarla məşğul olur”, lakin ən təcili məqamda belə imkansızlara tibbi yardım göstərməkdən imtina edir. Ən faciəli tərəfi də odur ki, bu cəzaçəkmə müəssisəsində ən çox ziyalılar əziyyət çəkir – haqları, ləyaqətləri tapdanır. Mən, Azərbaycan bayrağının dalğalandığı istənilən cəzaçəkmə müəssisəsində cəzamı çəkməyə hazıram. Lakin Azərbaycanın milli, mental dəyərləri əxlaqsızcasına və tərbiyəsizcəsinə pozulan bir yerdə cəza çəkməyə taqətim qalmayıb. ” 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi ilə heç bir problem yaşamadığını söyləyən Şəmsiyyə Bəylərqızı bildirib ki, sağlıq durumu ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracaq: “Əgər məndən xəbər çıxmasa bilin ki, bu məlumatları mətbuata çıxardığım üçün məni “cəzalandırırlar”…”

Xatırladaq ki, Şəmsiyyə Bəylərqızı İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin keçmiş xanımıdır. O bundan əvvəl keçmiş əri Əfşar Süleymaninin şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. 2013-cü ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Sonradan saxlandığı kamerada Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapıldığı iddia edilib və buna görə də barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı daha 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsi Şəmsiyyə Bəylərqızının şikayətini qismən təmin edərək onun ittiham olunduğu Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi məcəllənin 317.2.1-ci maddəyə tövsif olunub. Məhkəmə Şəmsiyyə Bəylərqızının cəzasını 10 il 3 aya endirib. 2019-cu ildə isə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Əfşar Süleymani ilə Şəmsiyyə Bəylərqızı 2007-ci ildə ailə həyatı qurublar. Onların birgə nikahdan 2008-ci ildə oğlu dünyaya gəlib.
Həmin vaxt o həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini və Əfşar Süleymaninin ondan qisas aldığını iddia edib.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Mövzunu davam etdirəcəyik.



