
Səlim Müslümova şərti cəza verildi
Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov azadlıqdan 11 il şərti məhrum edilib.
Bu qərar yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Qərara əsasən, Səlim Müslümova cinayət işi üzrə təqsirli sayılaraq 11 il azadlıqdan məhrum etmə cəzası verilib. Lakin məhkəmə vurğulayıb ki, dövlətə vurulan ziyanın əksər hissəsini ödədiyindən, sabiq nazirə cəza 5 ili sınaq müddəti olmaqla şərti verilir. Bununla da Səlim Müslümov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.
Məhkəmə həmçinin, S.Müslümovun 8 milyonluq əmlakını da müsadirə edilməklə bağlı qərar qəbul edib.
O, ötən il mayın 26-da ev dustaqlığına buraxılmışdı.
2021-ci ilin fevralında həbs olunan Səlim Müslümov məhkəmədə ifadə verməkdən imtina etsə də, qısaca özünü qismən təqsirli bildiyini söyləmişdi.
O, israfetmə, mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilirdi.
63-yaşlı Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. O 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.
Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
Müslümova qarşı irəli sürülən ittiham maddələrində 14 ilə qədər həbs cəzası nəzərdə tutulurdu.



